Ələsgər ƏLİOĞLUNUN  yeni ŞEİRLƏRİ

Ədəbiyyat 12:07 / 20.04.2024 Baxış sayı: 1041

                                               

İÇİNDƏN YEYİBLƏR BU MƏMLƏKƏTİ

     Son zamanlar bəzi çinli  məmurlar  rüşvətxorluq

    və korrupsiya ilə bağlı cinayət məsuliyyətinə cəlb

    olunmuşlar...

Qırxıncı qapının sınıb tilsimi,

Tarix bəyan edib çox həqiqəti.

Ağacı içindən qurd yeyən kimi,

İçindən yeyiblər

 Bu məmləkəti...

 

Bəzisi özündən  uzağa gedib,

Göstərib zamana öz buynuzunu...

Rüşvət sayılmağa vaxr darlıq edib,

Xətkeşlə ölçülüb eni-uzunu...

 

Azğınlar bilməyib nə bənd, nə bərə,

(Zehnində göllənib durğunluq dövrü!)

Yüksək vəzifəyə gedən kəslərə,

Rüşvət- ən münasib  nəqliyyat növü...

 

Bəzən batırıblar səsimizi də,

Haqsızlıqdan əsrin yuxusu qaçıb...

Nəsimini soyan cəllad da bu gün,

Dəri istehsalı zavodu açıb...

 

Qanun nə zaman ki çəkilib  qına,

Haqqın əldən gedib  abır-isməti.

Hakim var ki açıb camaşırxana,

Paltartək

yuyubdu çox cinaytəti...

 

Kimlərsə ağlını gizlədib cibdə,

Sinib iqtisadi xəritəmizə.

Koroğlu can verib kirayə evdə,

Bağ evi ucaldıb Dubayda Həmzə...

 

Elələri vardır harından-harın,

Başları yekəlib, dönüb qarpıza...

Adı  yalan olub canavarların,

Məmurlar yatıblar ağız-ağıza...

 

Qırxıncı qapının sınıb tilsimi,

Tarix bəyan edib çox həqiqəti.

Ağacı içindən qurd yeyən kimi,

İçindən yeyiblər

 Bu məmləkəti...

                                           2023

 

             GÖRÜNƏR

 Ürəkdən bağlansan doğma ocağa,

Ruhun qətrə-qətrə hopar torpağa.

Yolunda ümidin dönsə çırağa

Qarşında gecə də gündüz görünər.

 

 

Damarında axan qan atlanarsa,

Ən uzaq mənzilin alınar qısa...

Xəyalın zirvəyə qanadlanarsa,

Dərə də, təpə də dümdüz görünər.

 

 

Beşiyin fikrində yırğalanmasa,

Ömrün qışdan çəhlim salarmı yaza!?

Palıd da torpağa arxalanmasa,

Tufanın gözündə köksüz görünər.

                                        2024

 

       ŞERİMİN AĞZINDAN QAN İYİ GƏLİR

  Şair Hüseyn Əsgəroğlunun bir  mesajına cavab.      

                              (İxtisarla)

Kötük diyirlədir tez-tez qarşıma,

Başım dəymir yenə əlhəd daşına...

Dönüb budaq olur könül  quşuma,

Şerimin ağzından qan iyi gəlir.

 

Yazdan əli çıxan qar-qışdır yoxsa..

Hər addımda mənə qaxıncdır yoxsa,

Öz başıma qalxan  qılıncdır yoxsa,   

Şerimin ağzından qan iyi gəlir.              

 

Yuxumda qanırdır qolumu mənim,

Yoxuşa dirəyir yolumu mənim.                                             

Hey ütür sağımı-solumu mənim,     

Şerimin ağzından qan iyi gəlir.

 

Bəzən əli çatmır kürsülərə də,

Baş qaldırmır  umu-küsülərə də...

Baxmır asılara, kəsilərə də,

Şerimin ağzından qan iyi gəlir.

 

 Dövranın əsəni-coşanı çoxdur,

Gül-çiçəyindən də yovşanı çoxdur...

Eyninə almır ki, dovşanı çoxdur,    

Şerimin ağzından qan iyi gəlir.

 

Bir baxmır it-pişik sürüsünə o,

Sinmir sözlərinin gerisinə o...

Bürünür Nəsimi dərisinə o,    

Şerimin ağzından qan iyi gəlir.

 

 

GEDİM

 

Mənşəyi bilinmir bəhər-barın da,

Böhtan yuva qurur budaqlarında...

Suları bulanır bulaqların da,

Barı hisslərimlə yuynub gedim.

 

Namərdlər damında bordaq saxlayır

Yalanlar kökəlib, buxaq sallayır...

Şeytanlar altıncı  barmaq saxlayır,

Axı nə xeyiri, deyinib gedim!?

 

Qarışqa əlində yesirdir  fillər,

(Deyəsən dəyişik düşür fəsillər!..)

Tükənmək bilməyir fitnələr-fellər,

Səbrimin gözündən yayınıb gedim.

 

Ehtiyac  bəxtimin püşkünə qalıb,

Nifrətim püskürə-püskürə qalıb...

Nimdaş köynəyimdən pis günə qalıb-

Dünyanı əynimdən soyunub gedim.

                                                  19.04.2023

 

              

 

 

QOŞMASAYAĞI

          Bu necə dünyadı, necə əyyamdı,

Filə söylədilər naşıdı, xamdı...

Qutulardan çıxdı milçəyin adı,

Qoymadı bir getsin huşa dərdimi.

 

Görən gözlər baxıb haqqı görmədi,

Bilmədim qarnının ağrısı nədi...

          Yaz da ətəyini ələ vermədi,

Söylədim axırda qışa dərdimi.

 

Bu gediş-gəlişi gözüm almadı,

Şeytanın yolunda izi qalmadı...

Məni bir anlada duyan olmadı,

Açdım bircə-bircə daşa dərdimi.

 

          Baxmadılar ömrə-günə dən düşər,

Bədxah ürəklərə duman-çən düşər...

Düşündülər uçub gözdən gen düşər,

Axır döndərdilər quşa dərdimi.

 

Vaxt ötdü...

Yolumu bağlasalar da,

Sinəmi yüz yerdən dağlasalar da;

Özümü ayaqda saxlasalar da,

Çəkdiklər həmişə başa dərdimi.

                                                                                                                                            25.05.2022

 

 

                DAHA                                             

Dünya gəlib hara çatırıb indi,

Şeytanın sayını artırb indi...

Daşlamaq gözümü bərk qırıb indi,

Daşı ətəyimdən tökürəm daha.

 

    Yaxşı anlayıram, yaxşı qanıram,

Dərd-qəmin qolunu çətin qanıram...

Ünvan  soruşsalar, susub qalıram,

    Gözümü torpağa dikirəm daha.

 

Ömrüm çəhlim salır yetmiş yaşıma,

Gah qobu, gah qolpun çıxır qarşıma...

Ürəyi buraxıb başlı-başına,

Əlimi köksümdən çəkirəm daha.

09.07.2022

 

 

 

 

             BU YAĞIŞ...

 Getmisən!.. Yeddinci  il  də başa

 çatmaq üzrədir... Yağışım kəsmir hələ!..

 

Yeddi ildir bir yağışa düşmüşəm,

Taleyimlə qan-qarğışa düşmüşəm...

Bu yağışı indi başa düşmüşəm,

Ömrüm boyu yağasıdır, yağası.

 

Bu yağışın üstümdə çox dili var,

Ocağımı körükləyən yeli var...

Son günümdə bir kükrəyən seli var,

Bir hayqırıb qalxasıdır, qalxası.

 

O göstərib mənə belə meyil ha,

Səndən ayrı ələnmərəm deyir ha...

Qabağını çətir kəsən deyil ha,

Axırıma çıxasıdır, çıxası.

 

İllərimin buluduna bələnir,

Damcı-damcı taleyimə çilənir...

O neçə ki ara vermir, ələnir,

Dərd sinəmin ağasıdır, ağası...

                                       11.07.2023

 

 

BU QIŞI DA YÖNƏ VERDİM...

Yollarından yığdım daha gözümü,

Mən özümə həyan bildim özümü...

İlk dəfəydi həsrətin sərt üzunü,

Qabaq-qənşər durub gördüm bir təhər..

 

Hər misrama vaxt-vədəsiz düşdü dən,

İllər kəsdi  hər şerimin ömründən...

Taleyimin  qapısından  o gündən,

Daha yadtək gəlib girdim bir təhər..

 

Leysan yudu o cəhlimi, o  izi,

Açılmadı sözümün bət-bənizi...

Şaxtam vurdu bənövşəni, nərgizi,

Xəyalımda çələng hördüm bir təhər.

 

Xatirələr  sinə-sinə sinəmdə,

Qoymadıkı dərd-qəm sönə sinəmdə.

Bir əlçim qar qaldı yenə sinəmdə,

Bu qışı da yönə verdim bir təhər...

                                   15.03.  2024

 

 

 

 

 

  BU AXŞAM GƏLMİŞƏM...

        Qabaqlar Novruz bayramının ilaxır

        çərşənbəsində axşam qapı pusulardı...

Yerdən nə səs gəlir, nə səmir gəlir,

Dur dinşə, nə nəfəs, nə hənir gəlir...

Xəyal da yüz yeri hərlənir gəlir,

Bu axşam gəlmişəm torpaq pusmağa.

 

Sükut ömürlərin şahıdır burda,

Hökmran əbədi yuxudur burda...                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              

Çayı da göz yaşı axıdır burda...

Bu axşam gəlmişəm torpaq pusmağa.

 

Burda bir daşın da cınqırı çıxmır,

Özündən qırağa cığırı çıxmır...

Ha ev yiyəsini çağırım, çıxmır,

Bu axşam gəlmişəm torpaq pusmağa.

 

Sükut şəhəridir adı bu yerin,

Həsrətdir qohumu-yadı bu yerin...

Sinəmi qalayır odu bu yerin.

Bu axşam gəlmişəm torpaq pusmağa.

 

Adət-ənənələr yenəmi  qalıb,

Ümidlər də bir ağ günəmi qalıb?..

Axı qapı pusmaq mənəmi qalıb,

Bu axşam gəlmişəm torpaq pusmağa!..

                                                 

                                 20.03. 2024

 

  BİLMİRƏM

  

Getmisən bir yuxu kimi,

Qırpanmıram kirpiyimi....

Sinəmdəki dərdi-qəmi

Kim düzər sapa, bilmirəm.

 

Başlayıb əcəl təlimi,

Yeri tapılıb qəbrimin...

Nalı tökülüb təbimin,

Yoxuşda çapa bilmirəm.

 

Fikrimdə bu çiylik nədir,

Sözlər bir-birini didir...

Misralarım da küt gedir,

Təzədən yapa bilmirəm.

 

Üzümə baxmır bir gün də,

Saymazca keçir böyrümdən...

Səndən sonrakı ömrün də,

Adını tapa bilmirəm.

                             09.06.2023

 

 

...

 

Getmisən...

Durub baxmışam,

Daha  axrıma çıxmışam.

Əynimə xəzan taxmışam,

Tökülürəm yarpaq-yarpaq.

 

 

Hər  günüm də, hər ayım da,

Sürgün olub harayımda...

Ömür adlı sarayımda,

Sönürəm mən çıraq-çıraq.

 

 

Düşmüşəm yazımdan ayrı,

Getmir güneyimin qarı...

Yol gəlsəm də sənə sarı,

Qabağımı kəsir torpaq...

 

 ...

Getmisən ömrümdən düz yeddi ildir,

Həsrət göynən gedir, yaman yellidir,

Gözünün yağını mənə yedirdir,

Ömrümə  dərd-qəmdən  şələ tutmuşam.

 

Sükuta dikirəm  gözümü elə,

Divara deyirəm sözümü elə...

Ətrini tapmıram..

Üzümü  elə

Boş yerə  neçə cür gülə tutmuşam...

 

Gün-gün yaxınlaşır mənzilə köçüm,

Quru budaq kimi budanır içim...

Əlacım kəsilib bir görüş üçün,

Mən qara torpağı dilə tutmuşam.

                                        03.01.2024