Ehtiram İlham : - OLURUQ

Ədəbiyyat 09:19 / 27.03.2024 Baxış sayı: 672

Biz dəli bir Eşqin tamarzısıyıq,

Bizi Eşq ovudur, adam oluruq.

Sevib seviləndə çıxırıq üzə,

Bizi sevda udur, adam oluruq.

 

Biz bir Eşq adına varmışıq yola,

Düşmüşük qabağa, qalmışıq dala.

Ya tez-tez, ya yavaş, ya bala-bala

Hər şey sevgi dadır, adam oluruq.

 

Ay göydə doğanda aldatmalıydıq,

Yuxudan qalxanda aldatmalıydıq,

Biz Eşqi çoxdandan aldatmalıydıq,

Eşq bizi aldadır, adam oluruq.

 

Sevgisiz nə payız, nə qış, nə bahar,

Harda qönçə solur... çiçəkləyir nar?

Odu qiymətinə alır hər nə var -

Ömrü ucuz satır, adam oluruq.

 

Yazımız sevgidə, sevgi zamanda,

Yaxşı da, əyri də, düz də, yaman da...

Əlimiz hər şeydən üzülən anda

Sevgi haya çatır, adam oluruq.

 

Haqdan yaranmışıq, haqq deyib, durduq,

Gəlib səcdəsinə, haqqa qul olduq.

Ehtiram, sonuna çəkib apardıq -

Bu ömür sevdadır, adam oluruq?!

27.03.22