BU MÜƏLLİMLƏRDƏN ƏL ÇƏKİN DƏ - Aqil ABBAS yazır

YAZARLAR, Gündəm 15:51 / 05.10.2022 Baxış sayı: 1460

Həzrət Əli deyib ki, mənə bir hərf  öyrədənin  qırx il qulu olaram.  Bizə nəinki bir hərf,   bütöv bir elm öyrədən, adam eləyən, vətəndaş  eləyən, gələcəyimizin təməlini  qoyan müəllimlərin nəinki  qırx il qulu olmağı, heç bir gün də ona qulluq etməyi özümüzə  sığışdırmırıq. Həzrət Əlinin  bir hərfə görə qırx il qulu olmağa hazır olduğu müəllimlərə az qala  biz özümüz qul kimi baxırıq. 

Türklərin  gözəl bir  sözü var: «Hoca vurduğu  yerdə gül bitər». Vay odu bir  müəllim uşağımızı tənbeh edə, bir çırtma vura, az qala gedib  müəllimi  təpiyimizin altına  salaq, ya da  polisə verək. Müəllimləri gözüqıpıq eləmişik. Və nəticədə şagirdlər məktəbdə meydan sulayır, çünki onun  müəllimdən qorxusu  yoxdu. Bilir ki, müəllim ona gözün  üstə qaşın var desə, valideyni gəlib  həmin müəllimi divara  dirəyəcək. 

Ölkədə nə qədər  problem var, qalıb bir kənarda, düşüblər  müəllimlərin  üstünə. Millət  vəkili  Fazil Mustafanın sözü olmasın, müəllimləri sındırmaqla, gözdən salmaqla nə qazanacağıq?  Yoldaşlarının  gözü  qabağında bir sinifdə oxuduğu dostunu vəhşicəsinə döyən uşaqlar? Müəllimi döyən şagirdlər? Əlindəki bahalı telefonla müəllimə fors atanlar? Və sair və ilaxır. 

Müəllim  sözü müqəddəs sözdü. Sovet hökuməti «bəy» sözünü qadağan edəndə, bəyləri  tutub  güllələyəndə, sürgün edəndə day adamlar bir-birinə «bəy» deyə müracit etməyə qorxdular və «bəy» sözünü «müəllim» sözü ilə əvəz elədilər.   Bu, qarşındakı adama hörmət  əlaməti sayılırdı və indi də belədir. 

Mən bu köşəni yazanda saytların birindən zəng eləmişdilər ki, müəllimlərə hədiyyə verirlər, buna necə baxırsınız? Dedim ki, çox normal. Təəccübləndilər, necə yəni  normal, bu, rüşvət deyil? Dedim ki, yox, rüşvət  10 milyon, 30 milyon, hətta 80 milyon  dövlət  əmlakını  mənimsəməkdi. Müəllimə 30-40 manatlıq bir hədiyyə niyə rüşvət sayılmalıdır ki? Bu, hörmətdi. Evdə iki uşağı  yola verə bilmirik, amma müəllim sinifdə  40 uşaqla dil tapır, onlara  dil öyrədir, elm öyrədir, adam olmağı öyrədir. Müəllimə  hörmət hamının  borcudur. 

İmkanlı adamların  hamısı  məktəbə kömək etməlidir. Məktəbi təmir  etməyə  vəsait  ayrılmırsa və ya ayrılan  vəsaiti vəzifədə  olan  məmurlar  basıb yeyirsə  və direktor məcbur qalıb valideynlərə müraciət edirsə, günah o direktordadı, yoxsa o vəsaiti  basıb yeyənlərdə? 

Mən özüm də bir il Ağsu şəhərində internat  məktəbdə müəllim işləmişəm və bu peşənin nə qədər çətin olduğunu görmüşəm və yaşamışam. 

Əl çəkin bu müəllimlərdən. Qoyun balalarımızı adam eləsinlər, vətəndaş eləsinlər. Həm  Birinci Qarabağ savaşında, həm də 44 günlük müharibədə bu torpağın, bu Vətənin  yolunda  şirin  canından keçib şəhid olanları  müəllimlər  yetişdirib.  Heç  olmasa  şəhidlərin  xətrinə, müəllimlərlə işiniz olmasın.

Bu maaşla balalarımıza dərs deyən müəllimlər  hamısı  Milli qəhrəmanlardı. 

Bütün  müəllimləri  təbrik edirəm.