Bəhram Bilaloğlu : - Unudulan dəyərlər və İtirilən inam

Zaman ötür, illər bir-birini əvəzləyir,yaşayırıq,görürük,duyuruq,o cümlədən eşidirik.
Keçmişin sadəliyi və saflığı, bu günün səs-küylü və riyakar görüntüsü daha da, dəyərli görünür. İllər öncə insanlar arasında səmimiyyət, mehribanlıq və bir-birinə olan doğmalıq həyatın təməlini təşkil edirdisə,indi tamam başqa yöndə irəli getməkdə davam edir.
İnsanların vəhdət halında toplanaraq palçıqdan kəsdikləri kərpiclərlə biri-birilərinə tikdiyi evlərdə bir neçə ailənin birgə yaşaması, payın ədalətlə bölünməsi, narazılığın olmaması sadəcə maddi yoxsulluğun yox, mənəvi zənginliyin diqqət çəkən və nümunəvi göstəricisi idi.
İnsanlar arasında möhkəm inam və hörmət vardı – xüsusilə yaşlılara, ağsaqqal və ağbirçəklərə qarşı.
Həmin dövrdə həyətlər, həyətyanı sahələr insanların əməksevərliyinin və estetik zövqünün simvolu idi. Setka torlarla, taxta parçasından toxunmuş hasarlar, hər evin həyətində yanan təndir, qonaq kimi qəbul edilən adamlara yoldan keçəndə təqdim edilən bir tikə çörək – bütün bunlar insanlıq və paylaşma ruhunun canlı ifadəsi idi. Heç kəs qonaqdan, zəifdən, ehtiyaclıdan imtina etməzdi.
O günlərdə biri-birinə hörmət göstərmək qeyri-adi hadisə deyildi, əksinə, həyatın öz qanunu kimi qəbul olunurdu.
Zaman dəyişdi. Hörməti, izzəti insanlar nadir məqamlarda sanki bir möcüzə kimi qəbul etməyə başladılar – elə bil belə şeylər heç vaxt mövcud olmayıb.
Əfsus ki,bu günlər o günlərdən daha fərqlidir.Maddi vəziyyəti yaxşı olanlar, imkan sahibləri özlərini ağsaqqal yerinə qoyur. Halbuki, ağsaqqallıq iddia ilə deyil, amal və nüfuzla, davranışla, hikmətlə qazanılır.
Xüsusilə nəzərə çatdırmaq istəyərəm ki, maddi imkanlarla mənəvi dəyərlər arasında balans pozulanda, cəmiyyətin təməlləri zəifləyir. Keçmişdə ailə və cəmiyyətin təməli qaya üzərində yüksəlirdisə, bu gün ən nazik quru çayır köklərinə bənzər dayanıqsız baza üzərində qurulur. Bu isə istər-istəməz uçuruma sürükləyir – həm fiziki, həm də mənəvi baxımdan. Belə zəif təməl üzərində nə ailə möhkəm olur, nə də cəmiyyət davamlı.
Əgər biz gələcək nəsillərə sağlam bir irs buraxmaq istəyiriksə, keçmişin o saf və təmiz dəyərlərinə qayıtmalı, iddialardan çox əmələ üstünlük verməliyik. Dəyər sahibi olmaq üçün zəngin olmaq deyil, ürəyi zəngin saxlamaq lazımdır.