Arzu Əsəd : - Bir sonsuz həzz içində.

Ədəbiyyat 13:12 / 16.07.2025 Baxış sayı: 1302

Arzular param-parça,

Xəyallar qırıq-tökük,

Bu intiharlıq ömrün

Hər yanı uçuq-sökük,

Mən sərxoş, mən havalı,

Mən ekstaz içində,

Bir qərib, anlaşılmaz,

Bir sonsuz həzz içində.

İçimdə yanan-sönən

Ulduzların rəqsi var,

Kainatdan süzülən

İlahi frekanslar

Qəlbimin telləriylə

Bir ehtizaz içində,

Mən sərxoş, mən havalı,

Mən ekstaz içində.

Bilən məni şaşırır,

Görən deyir dəlidir;

Bir ömür darmadağın,

Bu niyə nəşəlidir?

Bilməzlər nələr dönər

Bu bilinməz içində,

Qədər çoxdan yazılıb

Lövhi-məhfuz içində.

İztirablar sıyırır

Ruhumu pərdələrdən.

İçim içimə sığmır,

Mənə dardır bu bədən,

Sıxılır, darılıram

Gecə-gündüz içində,

Qəlbimdən bir səs gəlir:

- Bir az da döz içində!

Yaranış bir sancılı

Metamorfoz içində,

Mənalar dustaq, girov,

Çırpınır söz içində.

Aldanma güzgülərə,

Dərinləş öz içində,

Əbədiyyəti görən

Həmin o göz - içində.

Qədər çoxdan yazılıb

Lövhi-məhfuz içində.