Bəhruz Niftəliyev - Gözümdəki işıqları söndürdün

Ədəbiyyat 09:43 / 25.09.2026 Baxış sayı: 582

Gözümdəki işıqları söndürdün,

Sənə baxan baxışlarım qaranlıq.

Yaz həvəsim buza döndü, bilirsən?

Sinəmdəki dağlarımı qar aldı.

 

Soyunsa da, sovuşsa da bu payız,

Sarı rəngim yaşıllığa dönərmi?

Solan mənəm, sönən mənəm, naümid,

Əllərimdən bir yaxşılıq gələrmi?

 

Ovucumda qan izləri görünür,

Ürəyimdə dənizlərim gömülü,

Yaram mərmi, yarım özgə olandan,

Hisslərim də hissələrə bölünür.

 

Bir quruca daşa dönüb bədənim,

Nəyim vardı, axı mənim bəd nəyim?

Allah, sən də çox qəribə olmusan,

Dürr zərrəndən yaratdığın bəndəydim!..

 

İndi yaşa, indi boşa bu ömrü,

Bacarırsan, boşa, boşa bu ömrü,

Tanrı, oğul axtarıram yarasız,

Bir anlığa aşa, aşa bu ömrü!

 

İnciyənim, küsənim də sən idin,

Qoxun getdi, üzərimdə qəmindi,

Yaratdığın bu "mənzərə" sənindi,

Vurammı mən başa, başa bu ömrü?!

25.09.26