Ayaz Arabaçı : - Yalan...

Qiymətin ortadadır,bəs-bəlli və as-aydın,
Sağ ol ki, tapdın bizi, var ol ki, bizi saydın,
Min-min ev yıxılardı əgər sən olmasaydın,
Yalan.
Yolunu hər çıxanda bizə tərəf azırsan,
Əlimizin altında silah kimi hazırsan.
Bizim taleyimizi əslində sən yazırsan,
Yalan..
İndiyəcən nə qədər adamları ovladın..
Kimdi ali rəhbərin, şeytandı ya mövladı.?..
Səninlə nəfəs alır cümlə bəşər övladı,
Yalan..
Bu qədər işlənirsən,canında can qalıbmı,
Sənin məhəbbətindən bir kimsə yan qalıbmı,
Səni biri-birinə danışmayan qalıbmı,
Yalan..
Ağızdayıq,dildəyik,dodaqdayıq,dişdəyik,
Həm səninlə evdəyik,həm səninlə işdəyik,
Bil ki,Tanrıdan qabaq sənə sitayişdəyik,
Yalan.
Oynadırsan əlində sən canavar,biz quzu,
Batıb yerin dibinə həqiqətin buynuzu,
Bu qocaman dünyanın sənsiz nə dadı-duzu,
Yalan.
Marks,Engels,Feyerbax,Kant yerimizsən bizim,
Bağ yerimizsən bizim-band yerimizsən bizim,
Qopub qurtarammırıq and yerimizsən bizim,
Yalan...