Ayaz Arabaçı : - Nahaq qanad taxdın arzularına...

Gündəm, Ədəbiyyat 08:36 / 03.02.2025 Baxış sayı: 1080

Nahaq qanad taxdın arzularına,

Nahaq dağdan endin şəhərə gəldin.

Bir ovuc yalançı şöhrət naminə,

Bu boyda ağuya-zəhərə gəldin.

 

Bilmirdin axırı belə olacaq..

Dönəndə durnaya,qaranquşa sən.

Bir dağda-dərədə azıb-itmədin,

Niyə yem olmadın qurda-quşa sən.

 

Öyrətdin əlini zəhmətə,işə,

Öyrətdin, nə olsun,nə olsun şair..

Sən nahaq oxudun o kitabları,

Vətənə,günəşə,sevgiyə dair.

 

Boş yerə hər kəsə canını üzdün,

Kimə şam tutdu ki,bu aldanışlar..

Köçəri quşlartək çoxdan itdilər,

Uzaq üfüqlərdə dostlar-tanışlar.

 

İçində min dənə arzu inlədi,

Sən nahaq könlünü talana getdin..

Sən nahaq bir dəfə verilən ömrü,

Ümidə aldanıb tarana getdin.

 

Gör necə uçurlar nurun içindən,

Yarasa adamlar qara niyyətə..

Sən nahaq özündən çıxdın qırağa,

Sən nahaq aldandın əbədiyyətə...