Ayaz Arabaçı - Mən ilk dəfə bu dünyaya sevgimi...

Ədəbiyyat 15:15 / 08.02.2026 Baxış sayı: 442

Mən ilk dəfə bu dünyaya sevgimi,

Zülüm-zülüm ağlamaqla başladım..

Əl eləyib gülümsəyən ümidin,

Qapısını bağlamaqla başladım.

 

Hara baxdım qabağımda daş durub,

Seçim yoxdu, qılınc durub, baş durub,

Dərdə, qəmə əməkgünü açdırıb,

Qara bəxti "ağ" lamaqla başladım.

 

Çox da elə bənd olmadım ruzuya,

Söz əlimdə döndü şirdən quzuya,

Gördüyünüz bu yazıya-pozuya,

Bulaq kimi çağlamaqla başladım..

 

Çiçək-çiçək qanadlandı badamlar,

Bir vaxt hisli daxmalardı bu damlar..

Təməlinə beton tökdü adamlar,

Mən dibimdən laxlamaqla başladım.

 

Daşımadım gilasımı səbətdə,

Bilirsiz də nələr var bu söhbətdə,

Gördüm hamı kabab çəkir sənətdə,

Mən də eşşək dağlamaqla başladım.

 

İnsan oğlu nədi axı fiatın.?.

Nağıl bitdi, alma yoxdu di yatın,

İlk işimə anasını həyatın,

Ballamaqla, yağlamaqla başladım.

 

Qollarımın hərəsi bir Boluydu,

Kimə açım, ürək tamam doluydu.

Mənim yolum Mirzə Cəlil yoluydu,

Onunçün də lağlamaqla başladım.

 

Dəf eləməz, hər gülləni, hər sinə,

Aydı, gündü axıb gedir tərsinə..

Kişiliyin, adamlığın dərsinə,

Mənliyimi saxlamaqla başladım.