Ayaz Arabaçı : - Bütün gecə çıxmamısan yuxumdan.

Ədəbiyyat 14:34 / 06.08.2024 Baxış sayı: 1950

 

Ağ duvaqlı duman kimi gəlmisən,

Bütün gecə çıxmamısan yuxumdan.

Gözlərimi yuman kimi gəlmisən,

Bütün gecə çıxmamısan yuxumdan.

 

Məəttələm bu sevdanın oynuna,

Yol almısan xəyallardan qoynuma,

Uşaq kimi sarılmısan boynuma,

Bütün gecə çıxmamısan yuxumdan.

 

Birdən-birə çiçəkləyib linc əlim,

Könlüm saptək incəldikcə incəlib.

Həsrətimiz bir yastıqda dincəlib,

Bütün gecə çıxmamısan yuxumdan..

 

Qurban olum kitabına-dərsinə..

Çırpındıqca balıq kimi tər sinə,

Çevirmişəm balıncımı tərsinə,

Bütün gecə çıxmamısan yuxumdan.

 

Yuxuda da bəxt arallar ay dəli,

Buna ayrı vaxt arallar ay, dəli,

Demirsənmi axtarallar ay dəli,

Bütün gecə çıxmamısan yuxumdan.