Arzu Əsəd : - Ümumi dəyərlərə  diqqətli   yanaşma

YAZARLAR 15:04 / 23.01.2023 Baxış sayı: 473

Ümumi dəyərlər - millətin dili, dini, tarixi, mədəniyyəti, ədəbiyyatı və sairə haqqında yazan şəxslər başa düşməlidir ki, onlara yazdıqlarına adekvat olaraq cavab verilməlidir, veriləcək. Çünki bu, adından göründüyü kimi ümumi dəyərdir.

Yox, kimsə məsələn, bir şeyi ümumi hesab edir, amma dəyər hesab etmirsə və onu silmək, dəyişmək istəyirsə, o da başa düşməlidir ki, bu onun subyektiv istəyidir və hökmən yenə də başqa əks səciyyəli subyektiv mülahizələrlə qarşılaşacaq və o açıq mübahisələrə girməyə məcbur olacaq.Bu, adi dialektik məntiqdir. Bir fikir öz inkarından keçərək müəyyən təsdiqini tapır. Tezis antitezislə üzləşib,çarpışıb, bölüşüb sintezə çevrilir.

Bəzi paranoik intellektuallarımız hətta nəzakət çərçivəsində belə əks fikirlə üzləşdikdə qarşı fikrin sahibini bloklayır. Adam eqosunun yüksək divarları arasında özü kimi düşünənlərlə özünü xoşbəxt hiss edir. Amma əslində o, əks fikirə açılmaq, başqasında özünü görmək, başqalaşa bilmək kimi həqiqi bir intellektual zövqdən məhrum olur. Həm də başqasına açılmamaqla, nə qədər bilgili olsa da, yenə də məhdud olan bilik və dünyagörüşünə duyduğu təəssübkeşliklə içində yaşadığı cəmiyyət üzvlərilə həqiqi intellektual-mənəvi birliyin qurulmasına sözün əsil mənasında mane olur

. Maddi varlığı olanlar daş hasarlar içində, az-çox intellekti olanlar isə mənəvi tikanlı məftillər içində öz eqolarının türməsində ömürlük həbsin bitməsini gözləyirlər.