Arzu Əsəd : - Çırpınırlar son akkordları kimi

Ədəbiyyat 12:49 / 28.03.2025 Baxış sayı: 975

Çırpınırlar son akkordları kimi

küçələrin azadlıq simfoniyasının...

bir gün saraylarda çalınacaq.

çırpılırlar - tükənmiş dalğaları kimi tarixin -

zülmün divarlarına,

bir gün qalalar alınacaq.

qıvrılırlar xırıldayan qurbanlıqlar kimi

asfaltın üstündə,

kəsilmiş arzularından,

bir gün Allaha çatılacaq.

baxırlar qan qurumuş kirpikləri arasından

göylərin boşluqlarına...

bir addım, bir nəfəs, bir barmaq ucu

qalmışdı...toxunmağa...

baxırlar həsrətlə, şaşqın, çarəsiz,

baxırlar son dəfə.

hələ də inana bilmirlər

Onun olmadığına,

hələ də inana bilmirlər

sözlərə qurban getdiklərinə.