Aida Adıgözəl : - Yenə gətirmədi ...

Yenə gətirmədi bu bahar səni,
bənövşə ətrinə həsrət öləcəm.
Görüm göyərməsin heç bənövşəni,
Həsrətin qoxusun ondan biləcəm.
Gedəcəm bir ömür qış yuxusuna,
birdə ayılacam yaz qoxusuna.
Çıxıb söylənəcəm hey coxusuna,
Yalançı yuxumu deyib güləcəm .
Qatacam gecəmi gündüz səhərə,
məktublar yazacam kənddən şəhərə.
Allah insaf versin poctda Məhərə
açacaq məktubu, dilxor gələcəm.
Yenə də bu bahar sənsiz olacaq.
Əllərim qoynumda çarpaz qalacaq.
Yaşlar yanagımda izin salacaq,
çəkib köynəyimə gizlin siləcəm.
Yenə gətirmədi bu bahar səni,
bənövşə ətrinə həsrət öləcəm.
Görüm göyərməsin heç bənövşəni,
Həsrətin qoxusun ondan biləcəm.