Əşrəf   Veysəlli - DÜŞÜBDÜR

Ədəbiyyat 08:27 / 30.05.2026 Baxış sayı: 480

 

Sevgiləri özlərindən çox qabaq

Qəlbimizin otağına düşübdür.

Qüdrətindən bir cüt alma yaranıb,

Bir ağacın budağına düşübdür.

 

Arzularım, xəyallarım düz olub,

Yerlər, göylər üstlərinda göz olub.

Bir cüt balam nəğmə olub, söz olub,

Ömrümün hər varağına düşübdü.

 

Beşiyidir bir cüt qolum onların,

Üzüm, gözüm, sağım, solum onların.

Cütünə də qurban olum onların,-

Nənələrin dodağına düşübdü.

 

Mən onları səadətim bilmişəm,

Qəm günümdə gül deyiblər, gülmüşəm.

Bir anayla iki uşaq “ bölmüşəm”,

Bir cüt mənə, bir cüt ona düşbdür.

 

Ürəyimi oxutduran, dindirən,

Hərdən məni cin atına mindirən

Oğlum üçün qız gəzirəm indi mən,

Könlüm bir toy sorağına düşübdü.

 

Xəyalımda mağara bax, toya bax,

Yatma, gözüm! Bu gözəl dünyaya bax.

Pəncərədən oğrun girən aya bax-

Körpələrin yanağına düşübdür.

1976- cı il