MAY ŞEİRLƏRİ
Qurban gecəsinin ÜZRÜ
İndi
Qəribə səslənə bilər...
Çünki
Bunu deməmişdim
Amma düşünmüşdüm...
Kİ,
Sevdirə bilmədim sənə -
Bu həyatda
Nələr aiddirsə mənə,
Yəni,
Nə sözümü,
Nə özümü...
Hətta,
Nə də
Güzgüdə
Bir-birini görən
Gözümü!..
Bağışla,
Qurban gecəsinə
Sevmədiyin ÜZÜMÜ!
Özümdən küsəndə...
Danışdırma onsuzda
Mən susacam - küsmüşəm.. .
Ay ümid, ətəyindən -
Tay əlimi kəsmişəm!
Dincliyimi əridib,
Yuxumu üyütmüşəm...
Mən səbrimi kiridib -
Tək səni böyütmüşəm!...
Ötən hər günün, ayın
Anlarını ələdim ...
Sevgimi qorumaqçün -
Ürəyimlə bələdim!..
...Nə sevgim diqqət çəkdi,
Nə də güzgü-darağım...
Yalnız üç nöqtələrlə
Qaralandı varağım...
Zəng etmədi...
Mən arayıb tapanacan düz sözü
Bir fikirə özül etdim yüz sözü.
Vədə verdi baxışıyla qız özü -
Amma ki , zəng etmədi!..
Nə saydısa , nə bildisə sirr qaldı...
Yaddaşından nə sildisə - sirr qaldı..
Məndə isə ürək boyda fır qaldı -
Amma ki, zəng etmədi...
Nə çəkdiyim tək Allahın bildiyi...
Yara yeri - lək , Allahın bildiyi...
Gözlədiyim zəng Allahın bildiyi -
Amma ki, zəng etmədi!.
Mənim öz dünyamdı ...
Yenə öz dünyamda, öz aləmimdə
Yumaq fikirləri tirmələyirəm...
Gözümün önündən keçən günlərin -
Uzun ətəyini çirmələyirəm...
Əlimdəbir saçın isti tumarı,
Qolumda qolunun izi dincəlir...
Duyub düşündükcə bütün bunları -
Aşkarca ruhum da bir az incəlir...
Üzümə hopduqca səsin işığı
Qəlbin döyüntüsü aşdı sərhəddi...
Mənə elə gəlir həmin məqamda -
Durduğum nöqtədə yeri tərpətdi!..
Mənim öz dünyamdı könül ortağım
Mənim aləmim də həmin Bir Qadın!..
Açın qapısını ürək otağın -
Siz də özünüzə aləm yaradın!
Saxlamır...
Deyəsən səbrimin dişi kütləşib
Nə qədər sıxıram , sözü saxlamır!
Bu ara elə bil külü bütləşib -
Bu ocaq qaralır - közü saxlamır!
Dolaşan hisslərim etdikcə taran
Dağlarım olubdu dumansız aran ...
Gözüm üstündədi! -söyləyən hər an- ,
Nədənsə üstümdə gözü , saxlamır!
Gəl məni bu qədər gərəksiz sayma
Çəkdiyim acını hər kəsə yayma...
Mən ki yalvarışla açmışam, amma -
Əlimi ətəkdə özü , saxlamır!
Varım ortadadı, yoxumsa " en"- cə
Heç vədə ürəyi qoymadım dincə!
Elə sevgidəndi, Əbülfət məncə -
Dilinin altında " DÖZ"- ü saxlamır!
Qarşına çıxdım ki...
Qarşılaşdıq, gözləmirdin deyəsən
Şimşək çaxdı, yoxsa o an, ildırım?!.
Bilirsənsə , bəlkə yolun deyəsən -
Necə edim, gözlərini güldürüm?!.
Gətirirəm xəyalıma ağ günü
Qan coşduran, təravətli sağ günü!
Qoy eləyib bir-birinə tağ, günü -
Kipriyindən mən o nəmi sildirim!
Öz-özümü toparlayıb yığmışam
Həyacandan ürəyimi sıxmışam...
Mən qarşına ona görə çıxmışam -
Açıq sənə sevdiyimi bildirim!
İndiki OVQATIN ŞEİRİ
Elə bil ki, qopub düşüb budaqdan -
Təslim edib özünü ta küləyə...
Heyidə yox, tərpənməyə yataqdan -
Sözü də yox - söyləməyə ürəyə....
Heç istəmir zaman ötə, gün keçə,
Axarıyla gəlib olur gün gecə....
Ev də gecə, yol da gecə, tin gecə -
Susub baxır o fırlanan kürəyə!...
Düşünür ki, əvvəli o, axır o
İynəsini yaxasına taxır o!
Göz ucuyla, etinasız baxır o -
Dar ağacı adlanan bu dirəyə!
Ya yazılmış, ya da olsun ağ varaq -
Oyatmır ki, artıq məndə heç maraq ...
Ay Əbülfət , söz də olsa bir yaraq -
Bəllidi lap sonda düşən hərəyə!.
Utanıram...
Bəzən adam... darıxmaqdan yorulur
Bezir hətta , uydurduğu nağıldan...
Yerə baxır... göyə baxır... inciyir -
Küsür, vallah, özündəki ağıldan!..
Nə yatmağa həvəs olur, könlündə
Nə də gəzmək istəyinə, bir maraq ...
Gün ,elə bil həmin o an ömründə -
Heç nə ilə yazılmayan bir varaq...
Xəyalları sapa düzmək vərdişi
Həvəssizlik ucbatından budanır
Dəyişibdi zəmanənin gərdişi -
Adam , Allah, darıxmaqdan utanır!.
UNUTDUN
Ay ürəyim, sən özündən çıxanda -
Gedəcəyin yeridəmi, unutdun?!
Ayrılığın əllərini sıxanda -
Gələcəyi , geridəmi unutdun?!
Ümidimdi dodağından asdığım
Dərddi kökün kənkan kimi qazdığım ...
Sənin üçün birnəfəsə yazdığım -
O " Etiraf" şeridəmi unutdun?!
İkimizi birləşdirib bir edən
And yerimiz, ocağımız, Pir edən...
Ağlayanda hıçqırtıyla kiridən -
"Sevgi" adlı sehridəmi unutdun?!
Biz hər yerdə dəyər verib, qisməti
Uca tutub, şərəf bildik isməti!
Əbülfətdə olan bircə müsbəti -
Halal-hümbət mehridəmi, unutdun?!.
Özümə qadağa
Mən səndən küsməyi qadağan etdim
Bütün varlığıma, hətta ruhuma...
Dedim yatmayacam, hansı gecəni -
İşdi gəlməsə də , o qız yuxuma!
Dözüb dayanacam səhərə qədər
Asılıb qalacam. Aydan, ulduzdan...
Nə qədər küləkli olsa da şəhər -
Məni ayrı sala bilməz o qızdan!
Bəlkə bu, ömrümün ən sərt qərarı
Bəlkə də ən həzin istək olacaq...
Allah bildiyindən bütün bu halı -
Bəlkə də , o mənə dəstək olacaq!
...Səndən küsmək hissin sildim qəlbimdən
Yerində " Gülən qız" şəkili çəkdim!
Ürəyi çıxartdım mən qəlibindən -
Yəqin ki, xoşuna gələr bu əhdim...