Ağamir Cavad - ALLAHA GƏRƏK ADAM
Haqqın qapısın döyər
Eşq dolu ürək adam.
"Can" sözümə "can" deyər
Halal duz-çörək adam.
Olmaz paxırı, kini,
Pakdır imanı, dini.
Qarla yuyar qəlbini
Saf arzu-dilək adam.
Hikmət var ad-sanında,
Eşqi qaynar qanında.
Durar haqqın yanında
Düz adam, mələk adam.
Dağlara dirək olar,
Dar gündə kömək olar,
Hamıya ürək olar
Ürəyi ipək adam.
Sözü haqq olan aşiq
Olar elə yaraşıq.
Dünyaya saçar işıq
Allaha gərək adam.