Zəka Vilayətoğlu : - Dünən yağış, dünən külək...

Ədəbiyyat 08:29 / 20.04.2025 Baxış sayı: 1105

Dünən yağış, dünən külək,

Dünən tufan, dünən boran,

Qəzəblənmiş zalım Fələk

Bağ-bağçanı qoydu viran.

Amma bu gün... bu gün səhər

Günəş doğdu pəncərəmdən.

Üz-gözümə düşən nuru

Ürəyimə doldu dən-dən.

Dünya elə şux bəzənmiş,

Başdan-başa gözəlləşmiş

Görüncə bu gözəlliyi

Ruhum, qəlbim cana gəlmiş.

Elə sandım, sandım bu dəm,

 

Bütün dünya tək mənimdir,

Hər tərəfi, hər bir yanı

Mənim doğma vətənimdir!

Mənimdir bu nurlu sabah!

 

Mənimkidir bu intibah!

Köksüm altdan qopub uçdu,

Sevinc, fərəh dolu bir ah!

Bircə anda ürəyimi

Gözəl duyğular haqladı

Sandım ki bu gözəlliklər

Məni sardı, qucaqladı.

Amma necə söyləmişlər:

"Sən saydığını say, dostum,

Gör, zalım Fələk nə sayır"

Bəlkə də heç xəbərim yox,

Fələk də məni sınayır.

Acı sözlə yaralandım,

Paramparça paralandım,

Kədərin xış əllərilə

Şumlanaraq uralandım,

Ruhum da ələk-fələkdi.

Ürəyimə kim qəm əkdi?

İnsanların arasında

Elə bil ki yaddım, təkdim.

Bir Haqqa sığınıb susdum,

Kədərlə doldum, daşmadım,

Sındım, qırıldım, amma heç

Bəndi, bərəni aşmadım.

Acılar çəksə də canım,

Sükut oldu tək həyanım,

Şükürlər olsun Tanrıya

Vardır həmdəmim, duyanım!