Xaliq Rəhimli : - İt bazarı

YAZARLAR 09:45 / 22.12.2024 Baxış sayı: 207

 

                                                                 (hekayə)

Seymur müəllim də çoxları kimi itdən çəkinirdi,qorxurdu. Üstəlik uşaq  vaxtı qonşunun köpəyinin hücumuna məruz qalmışdı. İt onun yumşaq yerindən dadmışdı. Həmin hadisənin üstündən altmış ildən çox vaxt ötüb. Amma birdən-birə bu yaşında itə maraq onda hardan yarandı... Evində it saxlayanlara birtəhər baxırdı, nifrət edirdi .Onlara uzaqdan-uzağa salam  verirdi. Bu binəvanın ağlına gəlməzdi ki ,nə vaxtsa özü də evində it saxlayar. Altdan-üstdən maraqlanmışdı ,- ev iti adamı qapmır ,quzudan da quzu olur.  Alverçi Alik iti ona satanda köpək  Seymur müəllimi coxdan tanıyırmış kimi qabağında şöngümüşdü, quyruq bulamışdı, gülümsəmişdi, sonra da yüngülvarı zingildəmişdi. İtin təbəssümü müəllimin xoşuna gəlmişdi. Uşaqlıqdan içində ilişib qalan  qorxunu qova bilsə də,amma köpəyin zingildəməyindən bir az şübhəli qalmışdı. Buna baxmayaraq ,  yaxın adamının üzünə necə gülümsəyirsə  itin də üzünə eynən o cür gülümsəmişdi və həqiqətən baxışındakı mehribançılığa rəğmən etibarlı ev iti olduğuna şübhəsi qalmamışdı. Amma birdən it gülüşünü yığışdırıb müəllimi yoxlayırmış kimi  qırıq-qırıq hürmüşdü. Bu hürüşdə də Seymur müəllimin gəldiyi qənaətlə desək qorxulu heç nə yox idi, boş-boşunaydı.-Yad adam görəndə itlər adətən belə edirlər,-fikirləşmişdi. İtlə simsarlaşmaq   asan məsələ deyildi. Burası  var ki ,-sən demə ev itlərinin gülüşü də,hürüşü də çöl itlərindən fərqli olurmuş. Ev itinin baxışlarında bir həlimlik, itaətkarlıq var. Bu vaxta qədər Seymur müəllimin qulaqları çox hürüş eşitmişdi. Amma bu müştəri gözüylə baxdığı köpəyin səsi başqaydı. İt elə-belə havaya hürmürdü, yoğun ,yorğun, xırıltılı səslə nəsə deyirdi,anladırdı. Nə deyir desin,-belə dar macalda Seymur müəllim onun səsindəki mənanı başa düşəcək halda deyildi. Həm də bu yaşına qədər heç bir heyvanın dilini bilmirdi, o da ola it dili. İlk dəfəydi ki, itdən dil öyrənəcəkdi . Əvəzində ürəklənərək ,içindəki qorxunu,həyəcanı boğaraq  əlini uzadıb ömründə birinci dəfə itin başına sığal çəkdi ,gözünü  gözünə zillədi .Qəribə də olsa köpəyin iri gözlərində öz əksini gördü, elə bil yekə güzgüyə baxırdı. Əməllicə diksindi. Tez gözünü itdən yayındırıb itbaz Alikin gözlərinə baxdı,orda da üzünü o cür gördü , rahatlandı. İt hündür,heyvərə olsa da davranışı mülayim idi ,özünü yaxşı aparırdı. Elə bu sakitliyinə, mənalı hürüşünə  görə də, Seymur müəllim it alverçisi  Aliklə asanlıqla sövdələşə bildi.- Adı Murqafdı, təzə-təzə bir az darıxacaq, sonra sizə öyrəşəcək. -Qulluğunda yaxşı durun, nəvaziş göstərin,yeməyini,içməyini vaxtlı-vaxtında verin, xəstələnsə həkim çağırın,təmiz havada gəzdirin,-deyə it alverçisi Alik müəllimə xeyir-duasını,halallığını necə lazımdı  verdi. Hər şey  elə bu xeyir-duadan başladı...

 Seymur müəllimin aldığı Murqaf  sənədli-sübutlu bahalı ev itiydi və əla cinsinə görə fərqlənirdi. Əlbəttə itin həyətdən evə, hətta yatağa qədər daxil olması bizə başqa ölkələrdən gəlib. Və  evində it saxlayan  guya inkişaf eləmiş adam sayılır. Belə itlərin insani yaşayışdan elə də fərqi yoxdur.Yeməyi-içməyi,yatağı, gəzməyi,həkimi –hər bir qulluq artıqlamasınnandır. Allah günaha yazmasın, uzaqdan baxanda Seymur müəllimin də həmin o buldok  itə oxşarlığı vardır. Murqafın boyu az qala sahibinin boyuna çatırdı. Qaranlıqda hansı- hansıdı, seçmək çətin məsələydi. Söhbətin birini qoyub,o birinə gedirəm .İtdən söz düşmüşkən bəzən uşaqlara belə it qədər qayğı göstərilmir. Uşaq əvəzinə qucağında it gəzdirən gənc qızların sayı günbəgün artır. Uşaq mehrini ,uşaq nəfəsini it nəfəsi ilə əvəzləmək  dəhşətli mənzərədir. Gənclərə baxanda Seymur müəllim toya getməlidir. Evdə it saxlayanlardan dala qalan deyil, heyvanı elə əzizləyib sığallayır ki, deyərsən altmış illik ömründə qazandığı varı –yoxu elə bu it imiş.  İt itliyinnən sahibini  əməlli-başlı ovsunlayıb. Seymur müəllimin qəfil  yoxluğuna döğmalarından daha çox göz yaşı tökən bu it olacağına şübhəniz olmasın. Yaxud, dünyadan it tez getsə Seymur müəllimin hönkürtüsünü Allahın eşitməsi də sizə qəribə gəlməsin... Ətrafındakılardan utanmasa Murqafı dalında gəzdirərdi, heç uf da elaməzdi. Baxmayaraq ki, nə oğlunu, nə də nəvəsini bir dəfə də kürəyinə mindirməmişdi... Parkda gəzəndə arada itdən macal tapıb qonşu Əhədlə ayaqüstü söhbətə qoşulardı.- Bilirsən Əhəd-, başa düşürəm, bu yaşımda özüm boyda it gəzdirdiyimə görə mənə birtəhər baxanlar çoxdur, amma mən onlara fikir vermirəm . -Niyə ki,- çünki  o cür insanları görə-görə gəlmişəm ,çox da döşlərinə döyməsinlər .-Açığını deyim, -sən də yaxşı bilirsən ki, bu heyvan  çox-çox insanlardan etibarlıdır. İtnən  dostluq eləmək  rahatdı. Ən dərin hisslərinə qədər səni duyur ,anlayır,sirdaş kimi sirdaşdı. İstədi desin,- qardaş kimi də qardaşdı ,-sözünü güclə saxladı. Elə bil müəllimin deyəcəyini  başa düşürmüş kimi it də diksinən kimi oldu, bu şərəfə görə ağacın dibinə sığınıb dal ayağının birini ehmalca qaldırdı.-Əlbəttə ,mənim əzizim ,bizim nəsildə evdə it saxlayan olmayıb.-Mən itə son vaxtlarda maraq göstərmişəm, baxmayaraq , itin vəfası ,mərdliyi,haqqında çoxdan eşitmişdim, amma yenə deyirəm, iraq səndən, insanların dönüklüyü,etibarsızlığı, nankörluğu itə olan marağımı birə-beş artırdı. -İndi məni  it qədər anlayan çətin tapılar. -Mən bu itin dilini bilirəm, o da mənim dilimi bilir. -İndiyənə qədər dilbilməzlər əlində qalmışdım, indi çox şükür. -Saatlarla danışım, quyruğunun üstündə oturub qulaq asacaq, sözümü kəsməyi yox,üzümə qayıtmağı yox , ürəyimi boşaldıram ,nə ki var. -Xərci də münasibdi. -Nankorlara xərclədiyim məbləğdən cox-çox aşağıdı,- deyib ürəyini xeyli boşaltdı . Qonşu Əhəd  bu qədər sözün qabağında,– sizin savadınız mənimkindən çoxdur ,özünüz bilən məsləhtdi,müəllim, –dedi . Bu arada Murqaf başqa bir özünə oxşarını  görüb bərk dartındı ,az qala müəllimin əlindən çıxacaqdı. Hürməyinə güc verdi.İndiyədək bu tonda hürməmişdi. Sahibi gücünü cəld toplamasaydı, it əlindən birdəfəlik cıxacaqdı. Murqaf çox qızışmışdı. Həmcinsini görüb sahibindən qaçmaq istəyirdi, azadlıq istəyirdi ,itlərə qoşulmaq istəyirdi. -Nə qədər Seymur müəllimlə oturub duracaqdı , çörəyini yeyəcəkdi, it it kimi yaşamaq istəyirdi. O nə eləsə də, insanların müəllimə olan vəfasızlığının ,nankorluğunun yerini doldura bilməzdi. İt itliyinnən bunu qanırdı, amma Seymur müəllim yox. -Məni bağışlayın başınızı ağrıtdım deyəsən,-it-iti gördüsə belədi də - deyə-deyə özü də it kimi sürünməkdən güclə qurtardı. Murqaaf ,Murqaaf  hara cumursaan?! -Olmaz, olmaz beləəə ,- qışqıra-qışqıra -səsi parkı başına götürdü. Heyvanı özünə tərəf çəkməyə çalışırdı. Murqaf  əlinə düşən fürsəti buraxmaq istəmirdi,qabaq ayaqlarını dəli at kimi şahə qaldırıb həmcinsinə yaxınlaşmağa can atırdı. Sahibinin cəhdi onun üçün əhəmiyyətsiz idi. Eə bil Seymur müəllimin evində qalmaqdan ,onun qırmızı sifətinə baxmaqdan doymuşdu,yorulmuşdu, bezmişdi...  İstirahət parkında bu bədheybət səsə qorxan kim, başını götürüb uzaqlaşan  kim... Seymur müəllimin səsi də Murqafın səsinə qarışmışdı və demək olar  ondan seçilmirdi. Sanki ,özü də itxasiyyət olmuşdu. Əlacsızlıqdan müəllim  ipin yarısını belinə dolamışdı, və hiss eləyirdi ki ,iti saxlamağa gücü güclə çatır. İpi çəkdikcə sanki köpəyin müəllimə nifrəti artırdı, ona azadlığını əlindən alan  zülümkar kimi baxırdı, və bu kişiylə bir yerdə qocalası deyildi ki...Birdən- birə Murqaf acıqlı-acıqlı başını çevirib  sahibinin qırmızı sifətinə hürməyə başladı. Baxmayaraq ki, indiyə qədər onun üzünə ağ olmamışdı ,belə əsəbi ,qəddarcasına hürməmişdi . Murqafın  bazardakı gülüşündən sonra indiki qəfil bədheybət hürüşünü  təsəvvürünə gətirməyən Seymur müəllimin gözləri qara bulud kimi doldu, acığından dişini-dişinə sürtdü, hönkürməkdən özünü güclə saxladı. Başını qaldırıb göyə baxdı. Özü görməsə də Allahın onu gördüyünü yəqin elədi. -Çörəyimin duzu niyə yoxdu ay Allah ?,-deyə ah çəkdi. Bu dar -macalda yadına çörək verdiyi nankorlar ,onların ardınca isə  məşhur məsəli xatırladı ,-itlə dostluq elə,amma çomağını yerə qoyma .İtin onun üzünə qayıtması, qırmızı sifətinə qəzəblə hürməsi ,bundan sonra Seymur müəllimin yaşamağa olan-qalan ümidini ,inamını tamam alt-üst elədi.- Lənət şeytana ,bu dünyanın insanı belə ,iti belə,- düşünərək  həftə sonu İt bazarına çıxacağını tamam dəqiqləşdirdi...