Lətafət  Abiyeva : - "Mən"in "Öz" hissəsində.

Ədəbiyyat 08:10 / 22.12.2024 Baxış sayı: 220

 

Caynaqlı bir tale rəsmi çəkilmiş,

Ömür kitabımın üz hissəsində.

Tək bir işıq gördüm yollarım boyu,

O da imanımın düz hissəsində.

 

Dönüb oldu bəxtə tənlik arzular...

Ömrü bəzəmədi ənlik arzular.

Yanıq iyi verir əmlik arzular

Mənim ürəyimin köz hissəsində.

 

Gəlib lap yanımdan keçir səadət,

Tanrım, bu görməzlik olub bir adət.

Bu sirdən agah et, nədir bu hiddət?

Pərdəmi asılıb göz hissəsində?

 

Köhlən muradlara nal axtarıram,

Çiçək soraqlayıb, bal axtarıram...

Durub mən avam da al axtarıram,

Rəngli ümidlərin boz hissəsində.

 

Sarı küləş qalıb sevgi zəmimdə,

Həsrət çapıb gələr vüsal dəmində...

Yorulub dizləri iradəmin də,

Durammır səbrimin "döz" hissəsində.

 

Bəxtin məsləkimə gücü yetmədi -

Dilimdən şükürüm, duam bitmədi.

Heç zaman insanlıq simam itmədi -

Durdum xislətimin "Öz" hissəsində...

 

11.11.24.