İbrahim İlyaslı : - Lütfən...

Ədəbiyyat 09:17 / 22.12.2024 Baxış sayı: 190

 

Qeyibdən bir sözün qonub şerimə,

Seçib ayırd elə, arala, lütfən.

Hər türlü qəmim var adına bağlı,

Yetiş, bu qəmləri sırala, lütfən.

 

Hər közün odunu üstən kül açır,

Hər ahın sirrini bir bülbül açır...

Hardan yara vursan ordan gül açır,

Məni dönə-dönə yarala, lütfən.

 

Bu qara sevdada nəydi muradın?-

Qaldıq umuduna yağının, yadın...

Gözümün içinə yazılıb adın,-

Gəl öz əllərinlə qarala, lütfən.

 

Günəşin qüruba enən çağıyam,

İncə vadisiyəm, Avey dağıyam.

Bəhəri sovulmuş alma bağıyam,

Vədədi, gəz-dolaş, urala, lütfən.

 

Sözdən pay olmaz ki, dağlar gəlini,

Bərkit yumruğunu, bərk sıx əlini.

Qanıma qəltan et, al bədəlini,

Arayıb axtarma sonralar, lütfən.