Tahir Rzayev, millət  vəkiliu : - "Yeni  qəbul edilmiş   qiymət bir etalondur"

İqtisadiyyat 10:20 / 10.04.2025 Baxış sayı: 2560

“Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı zamanı qiymətlərin müəyyən edilməsi ilə bağlı yeni qaydaların tətbiq edilməsi bələdiyyələrin səlahiyyətlərinin əlindən alınması anlamına gəlmir”.

Yenises.az bildirir ki, bunu  mətbuata  açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, bələdiyyə torpaqlarının hərrac vasitəsilə satışa çıxarılması, icarəyə verilməsi və bunun qiymətləndirilməsi əlbəttə ki, məsuliyyətli bir vəzifədir və hər bir yerli idarəetmə orqanından dəqiqlik tələb edir:

“Bu vəzifə əvvəllər bələdiyyələr tərəfindən həyata keçirilirdi, ancaq qəbul olunmuş son qərar nəticəsində torpaqların hərrac vasitəsilə satışının və icraya verilməsinin qiymətləndirilməsi müvafiq orqanın müəyyən etdiyi müvafiq orqan tərəfindən həyata keçiriləcək. Bu heç də bələdiyyələrin səlahiyyətlərinin əlindən alınması, yaxud onlara problemlər yaradılması deyil, əslində onların işinin  bilavasitə yüngülləşdirilməsi və müəyyən məsuliyyətdən uzaqlaşdırılmasıdır”.

Komitə sədri söyləyib ki, müvafiq orqan artıq respublika üzrə araşdırmalar aparıb müəyyən qiymət verəcək: “Bu qiymətlər də bələdiyyələrə tövsiyə olunacaq ki, hansı ərazidə torpaq hərrac vasitəsilə satılanda və ya icarəyə veriləndə hansı qiymət tətbiq olunmalıdır. Bu çox yaxşı haldır. Düzünü deyim ki, çünki müəyyən qiymətlər təklif olunurdu və bu da bir çox hallarda müəyyən nöqsanlara gətirib çıxarır. Bəzi hallarda vətəndaşların narazılığına səbəb olur və onlar tərəfindən belə qəbul olunurdu ki, bələdiyyələr istədiyi qiyməti istədiyi torpağa qoya bilərlər. Ancaq indi qəbul edilmiş bu qiymət bir etalondur və sözsüz ki, burada bələdiyyələr, eləcə də vətəndaşlar əməl etməlidirlər. Bu konkretləşmədir, təkmilləşmədir və sözsüz ki, bələdiyyələrin müəyyən qaydada işini azaldır və onları müəyyən məsuliyyətdən azad edir”.