Ələsgər ƏLİOĞLU - ŞAİRƏM

Ədəbiyyat 09:06 / 04.05.2025 Baxış sayı: 1193

 

GÖZƏL ŞAİR AYDIN MUROVDAĞLININ  GİLEY-GÜZARINA

Murovdağlı, nə çıxar səs-səmirdən,

Təbi lallar gəlir dilə: şairəm!

Sifətləri maska taxıb dəmirdən,

Hlkkələri dönür selə: şairəm!

 

Belələri ağlı-huşu azdırır,

Yazanmır ha, ona-buna yazdırır...

Qızdırmaya düşüb vallah qızdırır,

Sayıqlayır, deyir elə: şairəm.

 

Onların da bir gün çıxar xatası,

Özgədəndir hər çeşnisi, butası...

Görən kimdir şeirinin atası,

Arsız-arsiz dinir hələ:şairəm.

 

Üzlərində abir-həya qalmayıb,

Kəlmələri yazdan yaya qalmayıb.

Dərs verməyə bircə paya qalmayıb,

Gətirməyə bir də dilə:şairəm!

 

Sinəsinə döyənlər köks ötürməz,

Şoran torpaq alma-armud bitirməz.

Kitabını yeddi ulaq götürməz,

Deyər: yazdım şələ-şələ,şairəm.

16.03.2025