Lilpar Cəmşidqızı : - RÜBAİLƏR(Əxrəb şəcərəsi)

Ədəbiyyat 09:01 / 04.05.2025 Baxış sayı: 1203

 

Məf'Ulü məfA'İlü məfA'İlü fə'

+++

Ürfanə yetişməkçün Ələsgər görüb,

Aləmdə sevən qəlbinə məşuq girib.

Rö'yadə o Qur'anı qiraət edib,

Allah ilə Peyğəmbərə sirrin verib.

+++

Hər yer mənə görsəndi, bu aləmdə dar,

Qalmış neçə illərdir o Göyçəmdə yar.

Könlüm sənə vurğundur, Ələsgər, babam,

Qürbət sevən aşiqlərə olmaz diyar.

+++

Nazəndə Güləndamı Ələsgər görüb,

Sünbül telin aləmdə Ələsgər hörüb.

Şahidlik edib eşqinə coşğun bulaq,

Öz canını cananə Ələsgər verib.

+++

Qəvvas kimi dəryadə Ələsgər üzüb,

Öz şe'rinə mirvari, sədəflər düzüb.

İllərdi könül verdi bu sevdayə saz,

Yerdən göyə pərvaz ilə tərlan süzüb.

+++

Tək qoydu o "Leylanı" Ələsgər babam,

Tərk eylədi dünyanı Ələsgər babam,

Aşiqlərə yoxdur belə aləmdə yer,

Ünvan edib üqbanı Ələsgər babam.