Ayxan Hüseynli ,AYB-nin üzvü : - Fikirli sətirlər

Ədəbiyyat 11:55 / 04.05.2025 Baxış sayı: 1222

 

 

Kölgəsinə sığındığım, sevdanın rəngi başqadır...

Qaranlıq içində nura bürünür,

Aydınlıq içində gözə görünmür...

 

Bu tapmaca deyil, yanıltmac deyil...

Kölgənin kölgəsi, kölgədən deyil...

 

***

 

Sətir-sətir, cümlə-cümlə oxu məni,

Nəğmə kimi ürəyinə toxu məni.

Mən səninəm, bir ömürlük sirrin olub,

Xəyal kimi, arzu kimi qoru məni.

 

***

 

Sətirlərin xatirəsi,  fikirlərin əsiridir...

Cümlələr də qucaq açmış, duyğuların nəsibidir...

 

Duyğuların küləyinə tutulsan, çox ağrıyarsan...

Eşqin günəşində qalsan, yanmağa alışmalısan...

***

 

Sevmək yaraşmır mənə,

Sevilmək olmur, əynimə.

Sökülür, ümid telləri

Ölçülər, düz gəlmir gözə.

 

***

Kitablardan oxusam da,

Həyatdan dərsimi aldım.

Vərəq-vərəq yazılsam da,

Bir cümlədə tamamlandım.