Elman Eldaroğlu : - Bu gün  sevənləri  FUAD  POLADOVU  ANIR

YAZARLAR 12:45 / 04.05.2025 Baxış sayı: 1809

Kişi kimi gəldi, kişi kimi yaşadı, kişi kimi də yaddaşlarda yuva qurdu...

4 may Fuad Poladovun anım günüdür...

Deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəldə bilmir. Gərək KİŞİ doğulasan…

Bəli, hər ömrün əvvəli olduğu kimi bir sonu da var. Hər kəs nə vaxtsa qazandıqlarını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərin siyahısı olur. Xeyir əməllərin siyahısını sağ, bəd əməllərin isə sol çiynində. Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı var. Azərbaycan kino, teatr tarixində yaratdığı obrazlar, bir də insan kimi ifadə etdiyi fikirləri və əməlləri həmişə yaddaşlarda qalacaq…

“Deyirlər ki, mən çox qürurlu adamam, amma mən o qüruru özümdə hiss eləmirəm. Səmimi söyləyirəm, hiss eləmirəm. Vicdanı hiss edirəm, ancaq qüruru yox. Vicdanlı adam olduğumu yaxşı bilirəm. Çünki o, məni çox narahat edir, çox. Gecələr yuxumu qarışdırır, yataqdan qaldırır, silkələyir məni.”- söyləyirdi.

Bu dünyada parlaq istedadlı aktyorlar az olmayıb. Amma mükəmməl şəxsiyyət kimi yadda qalanları çox deyil. Bəli, Fuad Poladov şəxsiyyət kimi ürəklərdə yuva qurmağı bacaran sənətkarlardan oldu. Onun adı hələ uzun müddət ehtiramla yad ediləcək, ruhuna rəhmətlər dilənəcək. Axı, insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür...

Deyirdi ki:- “Dostoyevskinin bir sözü var: “əqidəsiz yaşamaq mənəviyyatsızlıqdı. Yaşamaq və hərdən öz əqidəni şübhə altına almamaq ikiqat mənəviyyatsızlıqdı”. Mən elədiklərimi sonra həmişə götür-qoy eləyirəm. Ki, bəlkə düz eləmədim? Ya da başqa cür eləsəydim, necə olardı?

Bir dəfə Vaqif Əlixanlı verilişində soruşmuşdu ki, Azdramaya qayıtmaq fikriniz yoxdu? Onda spontan bir cavab vermişdim: “Mən niyə getdiyimi bilirdim. Ona görə getdim. Ancaq “niyə qayıdıram” sualının cavabını bilmirəm. Bilmədiyim üçün də qayıtmıram”. İnsanın mütləq prinsipləri olmalıdı və onları qorumağı bacarmalıdı. Xüsusən, indiki dövrdə. Düzdü, bir də görürsən, adam prinsiplərinə uyğun hərəkət eləyəndə yaxınları “Susaydın da” deyir. Necə susum? Axı, bu məndən asılı deyil! Əgər sussam, ya da sizin dediyiniz kimi cavab versəm, prinsiplərimə zidd çıxmış olaram. Çünki oyundan qaçmaq, sualdan qaçmaq özü də xəyanətdi. Hər hansı həyati-vacib, ictimai bir məsələ ilə bağlı danışanda mənə “niyə başını ağrıdırsan, nəyinə lazım idi?” deyən adamları başa düşmürəm. Mən lap məktəb vaxtlarımdan belə olmuşam -haqsızlığa heç vaxt dözməmişəm. İndi xeyli yaşım var. Bundan sonra dəyişə bilmərəm. Hansı çətinliklərlə rastlaşırsan, rastlaş, vicdanı unutmaq olmaz. Napoleonun bir sözü var. Deyir: “Mən hakimiyyəti ələ alanda beynimdəki məsləhətçini dinləyirdim və hər şey yaxşı idi. Amma sonra yanımdakı məsləhətçiləri dinləməyə başlayanda hər şey pis oldu”. Məndən “ideoloqun kimdi” deyə soruşanda başımı göstərirəm. Mənə heç kim təzyiq eləyə bilməz. Kiminsə iradəsi ilə oturub-duran yaşda deyiləm. Evdə balalarım var, axı. Onlar mənim haqqımda nə fikirləşərlər?!”

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda anadan olub. 132 saylı orta məktəbi bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasında bu sənətin incəliklərinə sahiblənib. Sənətə isə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Sonralar Fuad Poladovun səs tellərində problem yarandığı üçün danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 4 may 2018-ci ildə vəfat edib. Bu dünyaya may ayında gəlmişdi, mayda da əbədiyyətə qovuşdu...

...Yüz il bundan sonra, onu şəxsən tanıyan adamların heç biri həyatda olmayanda ifa etdiyi rollar, yaddaşa köçürülən verilişlərdəki çıxışları dil açıb Fuad Poladov haqqında danışacaq. Gələcək nəsillərə onun barəsində məlumat ötürəcək. Təkcə necə aktyor olduğu barədə yox, həm də onun şəxsiyyəti, insanlığı haqqında fikir formalaşdıracaq. Azərbaycan kişisinə xas olan keyfiyyətləri özündə ehtiva etdiyinə, bu yükün altında ləyaqətlə dayana bildiyinə görə…

Ruhu şad olsun!

Dərin hüznlə, Elman Eldaroğl