Sevinc Qərib : - Yuxuda gördüm ki, uçuram

***
Yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...
gözümdəki sevincin
balaları doğulur üzümə
gülüş şəklində...
ruhum bədənimi çəkir
göydəki doğma evinə.
-ay ana, bax, mən uçuram,
uçuram, ana, vallah uçuram..
bax qollarım necə açılıb,
gör havanı necə qucuram.
ilahi, o necə sevinc idi,
o necə gülüş idi,
mələk idi, ya mən idim
qanadı eşq geyinən.
tut ağacının gülüşü
ağappaq çiçək açmışdı.
yuxuma Tanrının gəlişin
görüb dərd hara qaçmışdı?!
uçdum boyu boyunca
budaq-budaq ucaldım.
tellərimi doyunca
sığalladı göy üzü...
güzgü oldu gözlərim
qanadlanan könlümə.
yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...