Saqif Qaratorpaq : - Ömrün-günün sevinci az,qəmi çox...
Ömrün-günün sevinci az,qəmi çox...
Gah solunda,gah sağında üşüdüm.
Itib batdım qayğıların içində,
Bir sevdanın sorağında üşüdüm.
Bir dərvişəm,kimə doğma,kimə yad...
Nə kimsədən kömək umdum,nə imdad.
Pərvazlanıb açanacan qol-qanad,
Bir səhranın qurağında üşüdüm.
Misra-misra uraladım söz ömrü,
Hər insanın öz acısı,öz ömrü.
Yana-yana kül elədim köz ömrü,
Bir baxışın sazağında üşüdüm.
Külək əsdi,qapımızı qar aldı...
Ya mən kürəm,ya da baxtım cığaldı.
Bir ümidin ilməsində saraldım,
Bir gümanın marağında üşüdüm.
Keçib getdim, yollar,izlər tanışdı,
Bir də gördüm üzüm-gözüm qırışdı...
Suya dönən qismətimlə barışdım,
Bir gözəlin yanağında üşüdüm...