Sözün unudulmayan Tofiq Abdini

YAZARLAR 13:12 / 07.01.2025 Baxış sayı: 479

Həyat etibarsızdı. Əslində isə həyatın etibarsız olmasının bir günahkarı da insandı – düşünən, yaradan, quran, dağıdan insan. Əks halda, nə sadaladıqlarım baş verə bilər, nə də dünyada insanın olmaması onun etibarsızlığına kimdəsə şübhə yaratmaz. Əgər biz varıqsa və düşünürüksə, yaradırıqsa, hansısa bir istəyimizdən çıxış edərək hətta dağıdırıqsa, onda günah daha çox bizim üzərimizə düşür. Görünür elə buna görə ağıllı adamlar həmişə öz tövsiyələrində diqqəti, qayğını, etibarı önə çəkiblər. İnsanın insana dost olmasını, bir-birinin əlindən tutmasını zərurət sayıblar. Çox təəssüf ki, bu zərurət bütünlüklə reallaşmayıb, yalnız ayrı-ayrı fərdlər bu etiketlərə əməl ediblər və edirlər. Onlar üçün diqqət, qayğı, dostluq, güvən, hər şeydən üstündür.

Yazıma bu girişlə başlamağım səbəbsiz deyil. Çünki barəsində düşüncələrimi bölüşəcəyim şair-publisist, həm də çox qiymətli ziyalı – aydınımız olan Tofiq Abdin türk dünyasında söz sahibi olub, imzası sayqı ilə qarşılanıb. Və mən onun çevrəsini, yaradıcılıq dünyasını bildiyimdən həmişə düşünmüşəm ki, bu qəbildən olan insanlar heç vaxt unudulmamalıdılar. Çünki onlar zaman-zaman tanıdıblar, yaşadıblar, təbliğ ediblər. Amma nə yazıqlar ki…

İş elə gətirib ki, Tofiq Abdinlə «Ədalət» qəzetində, ədəbi mühitdə sıx təmasımız olubdur. Bir-birimizə sayqı ilə, sevgi ilə yanaşıb, bir-birimizlə sözün hər üzünü müzakirə etmişik. Yəni, yazılan, kağıza köçülən hər bir sözə münasibət bildirmək, fikir söyləmək Tofiq müəllimin içindən gələn bir istək idi və «Ədalət» qəzeti işıq üzü görəndə səhərin gözü açılan kimi redaksiyaya birmənalı olaraq ilk zəng vuranlardan biri Tofiq Abdin olurdu. Dərhal da «Əfəndim, günaydın. Yenə…» və başlayırdı qəzetin həmin sayında çap olunmuş hansısa bir yazıya münasibət bildirməyə, hansısa bir yazını müzakirə etməyə. Özü də təmənnasız, qərəzsiz, tam yazı adamı kimi, sözlə yaşayan adam kimi və redaksiyaya hər gəlişində də özü ilə həmin ovqatı gətirirdi. Əməkdaşların demək olar hamısı ilə görüşüb hamını salamlayandan sonra qəzet barəsində, yaradıcı kollektiv barəsində fikir deməsi labüd idi. Sanki o, qəzetin kənardan müşahidəçisi, onu izləyib barəsində söz demək haqqını   Tanrıdan almış bir bəndə idi. Ona görə də hamımız onu çox istəyirdik… Yenə və…Onun təbirincə  yazsam - NOT...

Tofiq Abdin özünün işıq üzü görən bütün kitablarını avtoqrafla mənə bağışlayırdı. İndi əlimdə tutduğum və 2009-cu ildə işıq üzü görmüş «Poeziya» kitabına Tofiq Abdin yazıb. «Gözəl  şair və insan Əbülfət Mədətoğluna ən xoş arzularımla. Tofiqdən 14.04.2009».

Tofiq Abdin şair və publisist kimi sözün təkcə çəkisini yox, həm də onun tutumunu da hiss edirdi. Ona görə də onun publisistikasında, elə poeziyasında da ağır bir sanbal var idi. O nədən yazırdısa oxucunun diqqətini ora yönəldə bilirdi və bir də maraqlı o idi ki, Tofiq Abdin yazılarına verdiyi adları sanki yazıdan əvvəl dünyaya gətirirdi. Ona görə də yazının başlığı oxucunu çəkirdi. Və başlayırdın oxumağa. Oxuyanda artıq ikinci bir məqamla qarşılaşırdın və görürdün ki, başlıqla bu ikinci məqam arasında ilk nəzərdə bir yaxınlıq görmədiyin halda sən demə elə bunlar bir-birinin içərisində imiş. Məsələn, «Yaş yandırır gözümüzü» olduğu kimi:

 

Göyün buludlunun yağışı yoxdu,

Dağın yamacının yoxuşu yoxdu,

Ananın oğula qarğışı yoxdu,

Səni kim qarğıdı –

Şair Əli, vaxtmı tapdın ölməyə?!

 

Dəniz gəmilərsiz dəniz deyilsə,

İçimiz – çölümüz təmiz deyilsə,

İncimə bizdən,

Şair Əli, vaxtmı tapdın ölməyə?!

 

Neçə yol Göyçaydan keçib gedirik,

Yolüstü biz yeyib-içib gedirik,

Sən çimdiyin çayda çimib gedirik,

Vaxt olmur dönməyə məzarın üstə,

Ağrıdır, acıdır dönüklük bizi,

Şair Əli, vaxtmı tapdın ölməyə?!

 

Bu yerin daşının yaşı bilinməz,

Ağlayan gözlərin yaşı bilinməz,

Ustadlıq bilinməz, naşı bilinməz,

Şair Əli, vaxtmı tapdın ölməyə?!

 

Şeir adlı təsəllimiz sən idin,

Şair adlı təsəllimiz idin,

«Ölümmü qədrimi biləsən» dedin,

Əsr, o əsr deyil,

Şair Əli, vaxtmı tapdın ölməyə?!

 

Yəqin ki, bu şeiri oxuyanda siz də mənim dediyimlə müəyyən mənada razılaşdınız. Çünki gözümüzü yaşın niyə yandırdığı şeiri oxuyanda artıq bizə bəlli oldu. Bildik ki, Əli Kərim ünvanlı bir şairi itirmək nə deməkdir. Anladıq ki, Əli Kərim bir şair olaraq ölməyə tapdığı vaxtla əslində ölümsüzlüyə  köçərək, yaşayış  yerini dəyişib söz ömrü qazanıb. Ona görə də ölümün qədrini bilmək lazımdır. Çünki ölüm Əli Kərimin qapısını vaxtsız döysə də, o Əli Kərimi bizdən yaxşı qiymətləndirdi və biz də onu itirəndən sonra artıq gözümüzü   yaşın niyə yandırdığını düşünməyə  başladıq…

Və yaxud Tofiq Abdin dünya şöhrətli ifaçı Vaqif Mustafazadədən yazanda hamıya bəlli olan bir gerçəyi misralara köçürür. O gerçək də Vaqif Mustafazadənin doğulduğu məmləkətdə öz gerçək dəyərini ala bilməməsidi. Onun ifası, onun barmaqlarının «qızıldan» olması Azərbaycanda heç kimin diqqətini çəkmir. Onun ürəyinin piano ilə birlikdə döyündüyünü, nəfəs aldığını Azərbaycanda duymurlar, amma dünya onu duyur, dünya onu görür. Çünki o, qeyri-adi ifaçıdı. Caz musiqisinin yeni nəfəsidi. O nəfəs Bakıdan yayılır dünyaya. Bax, bunu şeirləşdirən isə Tofiq Abdindi. Ona görə də yazır:

 

Yurdundan çox

orda-burda

öz ömrünü yaşadı,

Nota döndü,

suya hopdu,

hava oldu,

ömrümüzün yaşıdı.

Cansız nota can verməkdək

barmaqları incəydi.

Kim deyər ki,

bu barmaqlar

harda, nə vaxt dincəldi?!

Qara mərmər pianodur

məzarının başında

Çalanı yox, çalanı

Kim deyir ki,

bu dünyada o olmayıb, yalandı!

 

Və şeirində də hər kəsə içindən gələn bir çılğınlıqla sanki diktə edir, sübut edir, göstərir ki, o bu dünyada var, olub və olacaqdır. Onun barmaqları dünyanı gəzəcək və hər kəs də o barmaqların qarşısında baş əyəcək və onu alqışlayacaqdı, özü də ayaq üstə. Zaman da göstərdi ki, Tofiq Abdinin şeir dili ilə dediyi həqiqət birmənalıdır.

Tofiq Abdinin   Ppoeziya " kitabında şeirimizin bütün çalarlarını özündə yaşadan, özündə daşıyan nümunələr var. Onların hər biri ilə baş-başa qalmaq , həmin o ovqatın içərisində olmaq deməkdir. Çünki istər poemalarda, istər ayrı-ayrı şeirlərin özündə Tofiq Abdin təkcə yazmır, danışmır, həm də öz qəhrəmanları ilə üz-üzə oturub söhbət edir, istər Rəsul Rza ilə, istər Əliağa Kürçaylı ilə, istər Aydın Məmmədovla, istər Osman Sərvərli ilə… Yəni onun həmsöhbətləri təkcə tanıdığımız adamlar yox, həm də sevdiyimiz, xatırladığımız insanlardı. Üstəlik də onun öz qanından, canından olanlara yazdığı şeirlərində də o həmsöhbətlik öz missiyasını, öz əlaqələndirmə bacarığını arxa plana keçirmir. Orda da oxucu Tofiq Abdinin yanında olur. Baxmayaraq ki, bəzən Tofiq Abdin özü-özünü ittiham edir, özü-özünü qınayır, necə deyərlər, bütün hallarda o Tofiq Abdin olaraq qalır və yazır:

 

Mən qaçdım, yoxsa ki, məni qovdular,

yaman ayrı düşdüm eldən-obadan.

Gəldim bu şəhərə,

burdakı yadlar

götürmək istədi məni aradan.

 

Ayrıldım gördüm ki, orda bir kənd var,

orda mənsiz ölür doğmalar.

 

Orda bir ev var ki, aralıyam mən,

İndi düşünürəm mən niyə gəldim?!

Orda xəstələndi ixtiyar nənəm,

nə dadına  çatdım, nə yetə bildim.

 

O nədir, hasartək aralı durar,

Orda mənsiz ölür mənə doğmalar.

 

Bu şeirdəki ovqat qaçqınlığın, yurdsuzluğun, vətəndə vətənsizliyin poetik ifadəsidir, məzmunudur. Amma həm də Tofiq Abdinin özünün özünə ittihamıdı. İçində cavabı hazır olan ittihamıdı… Oxuyanda bilirsən ki, digər qaçqınlar kimi Tofiq Abdin  də Zəngilandan qaçmayıb, qovulub, özü də silah gücünə. Və o da bütün qaçqınların yaşadığı ağrı-acını yurd itirən insan kimi canından keçirib. Baxmayaraq ki, əsl həqiqətdə Tofiq Abdin Bakıda yaşayıb, amma eli, obası, tanıdığı, bildiyi adamlar qaçqın düşəndə, onların  qaçqın taleyi onun taleyi ilə birləşib, qovuşub. Doğma sevinc kimi, doğma kədər də bir-birinə sarılıbdı. Bu isə qədərdi, alın yazısıdı. Onu şeirə çevirmək də Tofiq Abdin qələminin gücüdü.

Bəli, heç vaxt unutmadığım və hər dəfə də «Əfəndim» sözünü harda eşitməyimdən asılı olmayaraq dərhal xatırladığım Tofiq Abdinin «Poeziya» kitabı məni yenə onunla görüşdürdü, yenə xatirələrə çəkib apardı. Ruhun şad olsun Tofiq Abi!..