Arzu Əsəd : - Sən
Bayırda qar yağır, bağlanır yollar,
Bir istək, bir ümid keçir içimdən;
Elə istəyirəm möcüzə ola,
Elə istəyirəm getməyəsən sən.
Nola bu qar yağa sonsuza qədər,
Bu dünya bu qarın altında qala.
Elə istəyirəm dünya dağıla,
Elə istəyirəm getməyəsən sən.
Bayırda qar kəsir, yollar açacaq,
Güldüm bu möcüzə istəyimə mən.
Bildim ki, bu dünya dağılmayacaq,
Bildim gedəcəksən, getməlisən sən.