Şakir Xanhüseyn : - SƏN, AXI, TƏKSƏN
Əsl sevdiyinə kim qovuşur ki...
düşün ki, o hələ doğulmamışdır,
nə də doğulacaq, sən isə onun
O gözəl, sevimli üzünü heç vaxt
yadından çıxara bilməyəcəksən;
əlini əlindən ayırma əsla,
bax a,
sən, axı, təksən...
Elə xəyallara dalıb gedəcək,
qəlbinin səsini eşidib, ancaq
özündən gizlənmək istəyəcəksən...
Doğma bir nəfəslə həmnəfəs olmaq
şirin bir diləktək qalsa gözündə,
"kirpiyim ucunda nəm leysan yağış"
deyib için-için inləyəcəksən,
sən axı, təksən...
Bir də qabağına süfrə sərəndən--
soyuyan çayını isidənindən
ruhuna bir qüvvət verən sözləri
eşitməyə ümid bəsləyəcəksən...
Doğrundan yalanı arındırmağa
ən əvvəl Özünü dinləyəcəksən,
sən, axı, təksən...
Qalxıb bir küçənin tinində durmaq,
sonra ətrafında baş verənləri
ağıl süzgəcindən keçirmək üçün
durub uzaqlara göz dikəcəksən;
adi bir məntiqlə yaşamaq çətin...
O zaman söykənib uçuq bir dama
dağıntılar altda qalmamağına
bir çarə tapmağa gecikəcəksən;
sən axı, təksən,
sən, axı, təksən!