Idris Babayev : - QIZILGÜL TƏR TÖKÜR XƏCALƏTİNDƏN.

 

Gündəm, Ədəbiyyat 08:32 / 14.01.2025 Baxış sayı: 575

 

Bəzən gecə yarı ilana dönür,

Şəninə ilk dəfə yazdığım şeir.

Sürünür misralar sinəmin üstə,

Sanki ürəyimi sancmaq istəyir.

 

Qayıdıram düz qırx beş il əvvələ,

Sən telini qoşa hörük hörəndə,

Qızılgül tər tökür xəcalətindən,

Sənin hər gününü mənsiz görəndə.

 

Üzümdən təbəssüm əskilməsə də

İçimi əzəldən qəm, kədər yeyir.

Məni hər görəndə ağzıgöyçəklər,

Səni sevdiyimçün bəxtəvər deyir.

 

Heç kimin xəbəri yoxdur içimdən,

Çölüm özgələri yandırır neynim.

Eşqin nə olduğun bilməyənləri,

Şairlər sözüylə qandırır, neynim.

 

Fələyin zülmünə dözən ürəyim,

Dözmür həsrətinə , dağlar gözəli.

İdrisəm, bu eşqin tərs şilləsindən,

Ağlımı itirib olmuşam gəli.

14.01.25