İki əl boyda kitabdakı  sirli   dünya - yazdı Əbülfət Mədətoğlu

YAZARLAR 09:58 / 08.01.2025 Baxış sayı: 1290

Ötən ilin sonlarında dəyərli dostum, tanınmış şair-publisist, AYB-nin Mingəçevir bölməsinin rəhbəri, əslində həm də onun yaradıcısı İsmayıl İmanzadə redaksiyamıza gəlmişdi. Elə buradaca vurğulayım ki, İsmayıl müəllim Bakı səfərlərində heç vaxt məni unutmayıb. Yəni  görüşüb  həmsöhbət oluruq, qayğılarımızı bölüşürük, ailəmizdən, özümüzdən, yaradıcılıqdan söhbət edirik. Təbii ki, çay süfrəsinin davamı bəllidi, amma ən zəruri olan odur ki, bizim bir-birimizə olan sayqı və sevgimiz təmənnasız, həm də safdır.

Bəli, İsmayıl müəllim budəfəki görüşümüzdə mənə özünün uşaqlar üçün yazdığı şeir kitablarını da verdi. Həmin kitabların biri «Mən atamın qızıyam», digəri isə «Hər çəməndə bir çiçək» adlanır. Demək olar ki, əl boyda olan bu kitablar rahatlıqla pencəyin qoltuq cibində istədiyin yerə apara biləcəyimiz  bir ölçüdə, rəngli şəkildə çap olunub. Tərtibatı maraqlı və diqqətçəkən olan bu kitabların balaca qəhrəmanları ilə söhbət etdikcə mən də ötən illərə qayıtmış kimi olurdum.

Övladlarımın, nəvələrimin uşaqlığını xatırlayırdım və tam səmimi deyim ki, İsmayıl qardaşımın uşaq dünyasına bu qədər bələdliyi barədə heç düşünməmişdim. Amma şeirlər özü mənə o bələdçiliyi sanki xırdalamağa, təqdim və həm də kökləməyə başladı. Yəni, təqdim olunan şeirlər ruhuma doğma gəldi. Onları mən rahatlıqla özümə köçürtdüm. Məsələn, şairin «Azərbaycan bayrağı» şeirinə diqqət yetirəndə burdakı  fikir və uşaq düşüncəsinin nə qədər bir-birinə yaxın olduğunu açıq şəkildə görmək mümkündür. Şair yazır ki:

 

Savalandı, Kəpəzdi,

Şöhrəti eldə gəzdi.

Dağ kimi yenilməzdi,-

Azərbaycan bayrağı.

 

Üç rəngi üç yozumda,

Dil açıbdı yazımda.

Dalğalanır arzumda,-

Azərbaycan bayrağı.

 

Ay-ulduzu tamaşa,

Vətənimlə baş-başa.

Səs salıb dağa-daşa,-

Azərbaycan bayrağı.

 

Keçib oddan, alovdan,

Üstünə çilənib qan.

Başım üstədir hər an,-

Azərbaycan bayrağı.

 

Haqqın dönməz yoludur,

Müqəddəsdir, uludur.

Azadlıq simvoludur,-

Azərbaycan bayrağı.

 

Bu şeiri oxuyan məktəbli, kiçikyaşlı övladlarımız  ,mən əminəm ki, rahatlıqla onu yaddaşına köçürə biləcəkdi. Çünki sözlər sadə, diləyatımlı, fikir hər kəs üçün qəbul olunan və ən vacibi də bayrağımızın təsviri. Elə bil ki, şair bu şeiri kiçik yaşlı  oxucusuna söhbət kimi, rəsm kimi danışıb göstərir  . Və yaxud başqa bir şeirində:

 

Ana yurdun sevimli,

Nazlı balası Şuşa.

Ərənlərin qibləsi,

Qeyrət qalası Şuşa.

 

Bir aləmdir əzəldən

Daşaltı, Cıdır düzü.

Kirsə heyran qalıbdı

Şimşək donlu göy üzü.

 

Xəyalım dolaşanda

«Turşsu»da, Topxanada,

Hey düşür xarıbülbül,

«İsa bulağ»ı yada.

 

Sar qartal yuvasında

Bala böyüdə bilməz.

Düşmən fitnə-fəsadla

Uzağa gedə bilməz.

 

Bir gün yenə nəğmələr

Gəzib dolaşar dağı.

Dalğalanar Şuşada

Azərbaycan bayrağı.

 

Şuşanın hər birimiz üçün hansı mənanı kəsb etdiyini xatırlatmağa zənnimcə ehtiyac yoxdu. Amma onu balalarımıza tanıtmaq, göstərmək və Şuşanın hər birimiz üçün əhəmiyyətini onlara sadə bir şəkildə çatdırmaq bizim borcumuzdur. Bir vətəndaş olaraq, bir Azərbaycan insanı olaraq biz bütövlükdə ölkəmizi övladlarımıza tanıdıb sevdirməliyik. Bu «Şuşa» şeiri də həmin istiqamətdə atılan addımdı. Şair rəssamlıq edərək nağılvari bir şəkildə Şuşanı öz balaca oxucularına tanıdır, onun özəlliyini və gözəlliyini adi sözlərin vasitəsilə uşaqların yaddaşına hopdurur. Şeiri oxuduqca buradakı ritm, diləyatımlıq yaddaşa hopma imkanları adamın içində xoş bir təəssürat yaradır. İnanırsan ki, kiçikyaşlı oxucu bu şeiri çox qısa bir müddətə əzbərləyə bilər.

Ümumiyyətlə, «Mən atamın qızıyam» kitabında   yurd yerlərimizlə, coğrafiyamızla bağlı çoxlu şeirlər yer alıbdır. Onların içərisində Araz, Xarıbülbül, Qarabağ, Göygöl, Ana dili, gerbimiz, himnimiz və s. ilə bağlı bir-birindən maraqlı şeirlər   xüsusi ilə  diqqət  çəkir. Müəllifin uşaqlar üçün təbiətlə bağlı kəpənək, günəbaxan, yovşan, dağ, dərə, sünbül, çəpiş, qaranquş və digər təbiət təmsilçiləri   ilə  bağlı  şeirlərində  də  yaratdığı  obrazları  mükəmməl bir şəkildə öz oxucularının ixtiyarına veribdir.

«Hər çəməndə bir çiçək» kitabında da uşaqların yaşını, dünyagörüşünü, qavramaq imkanını, bir sözlə,  onların dünyasını nəzərə alaraq bir-birindən maraqlı şeirlər təqdim edən müəllif kitaba təbiətlə bağlı illustrasiyalar da əlavə edibdir. Bu da müəllifin oxucuya təqdim etdiyi mövzunun qavranmasında təbii ki, müsbət rol oynayır. Və onu da vurğulamaq yerinə düşər ki, İsmayıl İmanzadə uşaqlar üçün yazdığı bu şeirlərdə yığcamlığa, lokonikliyə, xüsusi olaraq sadə , anlaşıqlı dilə üstünlük verir. Ona görə də şeirlər maraqla, həvəslə oxunur. Məsələn:

 

Qaratikan,

Qarı tikan.

Yarı yarpaq,

Yarı tikan.

Yaxınıma

Gəlsən əgər,

Ətəyindən

Tutub çəkər.

 

Və yaxud:

 

Bağçada gövdəsinə

Dolaşmışdı gül narın.

Tikan cızdı əlini

Gül dərəndə Gülnarın.

Dedi, gözəl olmasa

Tikanlı güllər əgər.

Onu bağda-bağçada

Kim becərər, kim əkər?

 

Mövzu baxımdan müəyyən yaxınlıq kəsb edən hər iki şeirdə uşağın gördüyü, bildiyi və müəyyən mənada həm də təmasda olduğu həyat reallığı ifadə olunubdur. Ona görə də bu şeirləri oxuyub yadda saxlamaq heç bir çətinlik yaratmır. Deməli, burda da peşəkarlıq, səriştəlik və həm də uşaqla onun öz dilində həmsöhbət olmaq qabiliyyəti ortaya çıxır. Bu məharət də şair İsmayıl İmanzadədə birmənalı şəkildə görünür. Deməli, görünən, eşidilən hər nədirsə, o, mütləq təsir yaradır, diqqət çəkir. Bax,  beləcə azyaşlıları da sözün işığında   təbiətlə təmasa çəkməkdə İsmayıl İmanzadə qələminin imkanları ortaya çıxır. Məsələn:

 

Elə bil nar giləsidir,

Al günəşin şöləsidir.

Ağappaqdır çiçəkləri,

Ətirlidir ləçəkləri.

Yarpağını saymaq olmur,

Meyvəsindən doymaq olmur.

 

Və yaxud:

 

Qaçırlar yem dalınca,

Hər yanda qaynaşırlar.

Geriyə qayıdanda

Nə azır, nə çaşırlar.

Yorulan deyil onlar,

Zəhməti xoşlayırlar.

Səhərdən axşamacan

Həvəslə işləyirlər.

Hara üz tutsalar da

Geriyə qayıdanda

Kiçik xortumlarında

Ya bircə tikə çörək,

Ya da toxum, dən olur.

Yuvaları onlara

Sevib xoşladıqları

Yurd olur, vətən olur.

 

Diqqətinizə təqdim etdiyim iki şeirin birləşmə nöqtəsi var. Yəni hər ikisi ilə təbiətdə qarşılaşmaq, təmasda olmaq mümkündür. İstər şəhərdə olsun, istər kənddə. Deməli, azyaşlıların birmənalı olaraq tanıdıqları gilənar və qarışqa barəsində o qədər sadə və inandırıcı mənzərə yaratmaq lazımdır ki, o, uşağın yaddaşında qala bilsin.  Şair İsmayıl İmanzadə də öz qələminə güvənərək gilənarın, qarışqanın özəlliyini uşağın gözü önündə canlandıra bilir. Bu təsvir kiçikyaşlı oxucunun diqqətindən yayınmır, hətta o, tanıdığı, təmasda olduğu gilənarı da, qarışqanı da sanki şeiri oxuduğu an gözünün önündə görür. Bax, bu da kiçikyaşlılar üçün yazıb-yaradan bütün müəlliflər kimi İsmayıl İmanzadənin də zəngin həyat təcrübəsindən və uşaqlara sevgisindən qaynaqlanaraq maraqlı bir ədəbi nümunələrin yaranmasında  təsdiqini tapıb.

Mənim hər iki kitab barəsində yığcam təəssüratımı bölüşməkdə  əsas istəyim bu kitabları oxuculara və onların vasitəsilə azyaşlılara tanıtmaqdır. Necə deyərlər, bundan sonrakı iş valideynlərin üzərinə düşür. Övladlarına kitablar vasitəsilə ölkəmizi, təbiətimizi sevdirmək istəyən hər kəs bu kitabları əldə etsə, yaxşı bir ədəbi vəsait qazanmış olacaq. O ki, qaldı İsmayıl İmanzadəyə, mən dəyərli dostuma,   sevilən şairimizə yeni yaradıcılıq uğurları diləyirəm.