Əli Hacı Ağaevli : - Dostum Əli Həziyə gecə məktubu

Ədəbiyyat 10:05 / 15.01.2025 Baxış sayı: 174

 

 

Qış yerini dəyişibmi ?!

şəhərin qarı gəlmədi .

Əvvəlin sonu başladı,

sonun axırı gəlmədi !

 

Lənət dedi o yan,bu yan ,

Varmıdı onu tanıyan ?!

Min ildi şeytan daşlayan

haqq yolun yarı gəlmədi !

 

Get gecəni yat sözümə,

kəklikotu qat sözümə.

Ölçdüm boyumu özümə

sözdən yuxarı gəlmədi !

 

Gölgədən çəkib əlimi,

gün də tikmişdim evimi .

sonra sökmüşdüm evimi

gün ona sarı gəlmədi !

 

Öldüm,göy yağdı gəlmədi,

balam çağırdı gəlmədi !

Bəlkə,ağrıdı gəlmədi,

gəlmədi , Tarı gəlmədi...!