Rafail Incəyurd : - Həyat
Vaxtında çıxacaq günəş də, ay da,
Səhər açılacaq, axşam düşəcək.
İlləri ömrünə təpən adamlar
Qışda titrəyəcək, yayda bişəcək.
Yenə dan üzündən yağan sevgiyə
Sərçələr, durnalar doğmalaşacaq.
Atlar kişnəyəcək yenə hardasa,
Yenə köç harayı yaldan aşacaq.
“İncəsu” daşacaq yenə yazağzı,
Yenə quruyacaq yayın ortası.
“Kəmənd”in döşündə xınalı daşlar
Nə azalasıdı, nə də artası.
Ömrünü-gününü boşa verənlər
Deyinə-deyinə ölüb gedəcək.
Yenə el aşiqi tütyə kişilər
Tütyə sevgisini bölüb gedəcək.
Vaxtın yedəkçisi, yedəyi bəlli,
Meyli bir xatalı yönə olacaq.
Sevgi məktubları yazılmasa da,
Sevgi mesajları yenə olacaq.
Amma ki... Ammalar o qədərdi ki...
Olub, olmayanlar tükənən deyil.
Daha faniliyi bilən qocalar
Şirin yuxulara salacaq meyil.
Tanrım, ömrümüzü udduqca zaman,
Gördük, uzun illər bir anlığıymış.
Dünyanın ən ağır itkisi vallah
Gedişi dağ çəkən cavanlığıymış!
Sən demə, can yeyən acgöz vaxt üçün
Həsrətin ağrısı yavanlığıymış!
24.09.24