Elşən Əzimdən   Özəl  baxış

Gündəm 06:45 / 29.03.2025 Baxış sayı: 816

Axşam gəzintisi köhnə adətimdir. Tək gəzməyi daha çox sevirəm, çünki öz fikirlərimlə baş-başa qalıram. Bu axşam da insanın daxili azadlığı haqqında düşünürdüm. İnsan daxilən azad ola bilməlidir ki, özünə azad bir mühit yarada bilsin.

"Novruz" və "Ramazan" kimi ənənə bolluğunun, ritual zənginliyinin meydan suladığı bir zaman kəsimində daxili azadlıq haqda düşünmək də hünər istəyir.

Elə bu düşüncələrimdə ikən ətrafdakı binaların eyvanları (balkon) diqqətimi çəkdi. El arasında "Leninqrad tipli" deyilən bu binaların uzun eyvanları var və bu eyvanlar layihədə qarşısı tam açıq olaraq nəzərdə tutulub. Yəni evdən çıxıb təmiz hava almaq üçün... Bəs biz nə etmişik?

Bütün eyvanlara aynabənd vurmuşuq, hətta bəzilərini kərpiclə hörüb ortada pəncərə qoymuşuq. Deməli, biz özümüzün balkona çıxıb nəfəs almaq azadlığımızı belə özümüz boğan bir toplumuq. Bu, məsələnin gözlə görünən tərəfidir. Əslində isə bütün şüurumuz, bizə adət-ənənə adı altında diktə olunmuş həyat tərzimiz ömürlük həbs cəzasından başqa bir şey deyil.