Balayar Sadik : - Uzat əllərini

Ədəbiyyat 08:07 / 29.03.2025 Baxış sayı: 965

 

Götür bu qərib könlümü,

Bağışlayım sənə, getsin.

Çıxım gözünün seyrinə,

Neçə-neçə sənə getsin.

 

Yanağını əzbərləyim,

Öpüş-öpüş, dodaq-dodaq.

Bir mən olum qiyamətdə,

Bir sən, bir də tənha otaq...

 

Sətir-sətir döyür qələm,

Hər gün bəxtin qapısını,

İnan, çoxdan itirmişəm,

Mən bu vaxtın qapısını.

 

Xəyalımdan kölgən düşür,

Sinəmdə sözün üstünə.

Həsrətdən çəkdiyim ahı,

Qoyuram gözün üstünə.

 

Ürəyimi kirpiyindən,

Nə vaxtdı asıb qalmışam.

Uzat mənə əllərini,

Gözündə azıb qalmışam.