Qəşəm Nəcəfzadə : - Unudulan

Ədəbiyyat 21:20 / 29.03.2025 Baxış sayı: 853

 

Dodaqlarım çatdaq gəlmişəm evə,

Gözlərim ağlaşma, saçlarım şivən.

Nə olar, saatı soruşma məndən,

Bayatı saçımı gəl kirit qəşəng,

Başımı dağıdan ulaşmanı kəs,

Mənə bir stəkan su...

 

Salamdan yapışıb, sal məni evə,

Mən hardan gəlirəm, soruşma heç nə.

Kim belə ağzımda sözü sındırıb,

Kim belə alnımda vüqarı döyüb,

Kim belə atamı, anamı söyüb,

Kim belə ağzımda dili yandırıb,

Dərənin dibinə diyirlənib səs-

Mənə bir stəkan su…

 

Bağla qapımızı, çölə çıxmayaq,

Külək də, yağış da cəhənnəm olsun.

Oğul da, uşaq da cəhənnəm olsun.

Kim gəldi. həyatda sındırdı məni,

Kim gəldi ömrümə yandırdı məni ,

Kür kimi sinəmdə dartınır nəfəs-

Mənə bir stəkan su …

 

Kilidlə qapını, ört pəncərini,

Günəş görünməsin bir də gözümə.

Bir ovuc qaranlıq çırpıb üzümə,

Bir evin güncündə mənə yuxu ver,

Ömürdən əvvəlki vaxtı mənə ver.

Üzümdə qarışqa öz fikrim olsun,

Karvanı bir təzə sətirim olsun.

Bir toz dənəsiylə oynayım elə,

Arılar fikirmi daşısın çölə.

Əqrəblər sinəmə cız çəkib ketsin,

Ilanlar canımdan göz açıb getsin.

Hörümcək üzümdə qursun torunu,

Bu şirin canımda tutsun ovunu.

Canım itib batsın tozun içində,

Bir də görünməyin çölün düzündə.

Gördün ki, ayağım, əlim tərpənir,

Üstümə toz ələ, üstümə toz tök

Tozumu bol elə, köhnəlim qəşəng,

Sonra da üstümdə göyərsin çiçək

Bir stəkan su ver həmin çiçəyə…