Xanım İsmayılqızı : - Notları

Ədəbiyyat 10:05 / 29.03.2025 Baxış sayı: 921

 

Ürəyimin döyüntüsü hərdən ritmini dəyişir,

Ləngər vuraraq laxladır içimdəki düz notları.

Qanı çırpır damarların o küncündən bu küncünə,

Di gəl mənim nəbzimi tut, biləyimdən üz notları.

 

Yenə tondan-tona düşür hisslərin xoru birlikdə,

Eləcə yallı gedirlər... Hörürlər toru birlikdə,

Bu sırada oda düşüb yaş ilə quru birlikdə,

Haydan-küydən çıxmaq üçün nəfəsimdən süz notları.

 

Zilə qalxır, bəmə düşür, önə qaçır, geri qalır,

Təzyiq altda çabalayır, bir sümük, bir dəri qalır,

Ürəyimdəki bu nəğmə qəhrəmandı, diri qalır,

İlahi, son anda belə qanadıma düz notları.

 

Ürəyimin döyüntüsü tez-tez ritmini dəyişir,

Ləngər vuraraq axsadır içimdəki düz notları.

Qanı çırpır damarların o üzündən bu üzünə,

Qorxma, indi nəbzimi tut, biləyimdən üz notları.

29 mart, 2025.