Fərəc Fərəcov  : -TƏSADÜF-

Ədəbiyyat 15:13 / 22.10.2024 Baxış sayı: 221

(Hekayə)

Nazxanım çoxdan idi ki, dəbdə olan ayaqqabı axtarırdı. Düzdür, indiyədək yaraşıqlı və keyfiyyətli ayaqqabılara çox rast gəlmişdi. Lakin modda olub-olmadığını bilmədiyi üçün heç birini bəyənib almamışdı. Belə bir vaxtda əri Qəşəməlinin Leninqrad şəhərinə ezamiyyətə getməsi xəbəri onu yamanca sevindirdi. Tez ürəyində "ordan ayaqqabı alar"-deyə düşündü.

Qəşəməli yola düşən günü Nazxanım ona alacağı ayaqqabının əlamətlərini dönə-dönə xatırlatdı. Həmçinin əlavə edib bildirdi ki, həmin ayaqqabıdan şəhərdə təkcə Cəbizadənin arvadı geyir. Daha heç kəsdə eləsi yoxdur.

Qəşəməli Leninqradda vaxtının çoxunu ayaqqabı axtarmağa sərf etdi. Böyük şəhərin demək olar ki, elə bir univermağı, mağazası olmadı ki, orada satılan ayaqqabıları dönə-dönə nəzərdən keçirməsin. Amma Nazxanımın söylədiyi nişanələri bu ayaqqabılarda görə bılmədi ki, bilmədi. Qəşəməlini fikir apardı. "Ayaqqabısız evə necə qayıdacaqdır?". Xeyli götür-qoydan sonra bu qərara gəldi ki, mağazalarda gördüyü və şəhərdəki qadınların çoxunun geyindiyi qəşəng ayaqqabılardan birini alsın. Belə də etdi.

Gecəli-gündüzlü arzu etdiyi ayaqqabının həsrətini çəkən Nazxanım ərini görən kimi birinci sualı bu oldu:

-Tapşırdığım ayaqqabıdan aldınmı?

Özünü itirmiş Qəşəməli:

-Aldım,-deyə qeyri-ixtiyari dilləndi.

"Aldım" sözünü eşidən Nazxanım çamadanı nə vaxt Qəşəməlinin əlindən aldığı bilinmədi. Cəld bir hərəkətlə açıb ayaqqabını çıxartdı. Onu görcək dodaqları səyridi, gözləri yaşardı. Özü də hiss etmədən ayaqqabılar əlindən düşdü. Qəşəməli günahkar adamlar kimi kənarda dayanıb başını aşağı dikmişdi. Nazxanım barıt kimi partladı:

-Mən sənə belə ayaqqabı tapşırmışdım? Cəbizadənin arvadının ayaqqabısı hara, bu hara? Xalxın arvadları bəxtəvərdir, day mənim kimi...

Belə ayaqqabı burda modda deyil, mən onu geyə bilmərəm, -deyə Nazxanım qəti şəkildə bildirdi. Yazıq Qəşəməlinin elə əvvəldən belə olacağı ürəyinə dammışdı.

Günlərin birində Qəşəməligili tanışlarından biri qonaq dəvət etmişdi. Nazxanım yenə də deyinə-deyinə köhnə ayaqqabısını geyindi, evdən yenicə çıxmışdılar ki, Nazxanım tanımadığı iki qadının söhbətini eşitdi. Onlardan biri Qəşəməlinin ona gətirdiyi ayaqqabıdan geymişdi.

-Necə gözəl ayaqqabı geymisən, ay qız, mən də beləsini axtarıram. Haradan almısan?

-Ərim Leninqraddan gətirdib...

Qəşəməli gözucu arvadına baxdı. Nazxanım bir anlıq nə edəcəyini bilmədi. Sonra Qəşəməlinin üzünə baxmadan:

-Gözlə, gəlirəm-dedi.

Bir azdan Nazxanım təzə ayaqqabıları ayağında qürurla ərinə tərəf gəldi.

Qəşəməli isə ürəyində "Nə yaxşı ki, bu qadınlara təsadüf etdik",-deyə sevindi.

1982