Əlizadə Nuri : - Hamı çıxır su üzünə..

Ədəbiyyat 09:15 / 22.10.2024 Baxış sayı: 126

.

Hamldan çıxıb gedəsən,

Gedəsən çox uzaqlara.

Yer üzünü tapşırasan

Bu balaca uşaqlara...

 

Götürəsən qələmini,

Son şeirinin varağından.

Hərdən əyilib öpəsən

Çiçəklərin yanağından...

 

Bir qız çıxa yolun üstə,

O ağlaya, yol ağlaya.

Gedəsən batan günəşi

Soraqlaya-soraqlaya...

 

Ayı bağrına basasan,

Qaranlığın inadına.

Yorulanda baş qoyasan

Bir göyərçin qanadına...

 

Bir kimsənin olmadığı,

İzdihama yeriyəsən.

Gözlərindən ay işığı

Dama-dama yeriyəsən...

 

Dalğaları çevirəsən,

O üzünə, bu üzünə.

Bat, ya batma, nə fərqi var-

Hamı çıxır su üzünə...

 

...Qoy arxanca danışsınlar:-

Hara getdi, niyə getdi?

Bir uşaq göyü göstərə-

Allahı görməyə getdi...