Əbülfət Mədətoğlu : Söhbət sevgidən gedir

YAZARLAR 14:26 / 22.10.2024 Baxış sayı: 383

Bu bir həqiqətdir ki, söz adamlarının yaşından, yaradıcılıq təcrübəsindən və təbii ki, istedadından asılı olmayaraq hamısı üçün əzəli və əbədi bir mövzu var. Bu mövzunun da adı SEVGİDİR. Bax, bu sevgidən Füzuli də yazıb, Nizami də yazıb, Səməd Vurğun da, Hüseyn Cavid də, Müşfiq də, Bəxtiyar Vahabzadə də, Məmməd Araz da, Nüsrət Kəsəmənli də və bu günümüzün bütün şairləri də.  Mən sadəcə olaraq ədəbiyyatımızın ünlü simalarının bir qisminin adını çəkdim. Əgər aşıq poeziyamıza üz tutsaq, elə həmin sinədəftər aşıqlarımızın adları bir kitablıqdır. Bax, yenə təkrar edirəm, şairlərimizdən birinin dediyi kimi, «Sevgi bir bəladır». Və yaxud «Eşqdir mehrabın uca göylərin» və yaxud «Yenə o bağ olaydı» və sair və ilaxır… Bütün bunları elə-belə söz gəlişi xatırlamıram və sizə də bunu yazı xatirinə oxutmuram. Bunun gerçək bir səbəbi var. Belə ki…

Artıq məni izləyən oxucuların müəyyən hissəsi bilir ki, özəl kitabxanam var və bu kitabxanada dostların hədiyyə etdiyi kitablar da var, özümün əldə etdiyim kitablar da və bu kitabxana ilə hər gün axşam ya səhər mütləq həmsöhbət oluram. Elə son söhbətim də bu gün yazacağım sevgi ilə bağlı oldu. Məni bu söhbətə çəkən isə «Sevgi əbədidir» kitabı və təbii ki, məhz kitabın adını  özündə ifadə edən «Sevgi əbədidir» şeiridi.

Oxudum şeiri. Oxuya-oxuya da ağlımın ucundan, gözümün önündən bir zaman kəsiyi gəlib keçdi,...xatirələrimin işığı düşdü o zaman kəsiyinə. Elə bildim ki, orta məktəbin yuxarı siniflərində oxuyuram və gözümü zilləmişəm bir nöqtəyə. Həmin nöqtədən isə bu misralar pərvazlanır.

 

Ay bəxtəvər, bu gözəllik səndə var,

Görənləri inan dərdə salacaq.

Ürəklərdə oyanacaq duyğular,

Sevənlərin ağlın başdan alacaq.

Yəqin sizə də bu hisslər tanışdır. Necə deyərlər, axı sizlin, bizlim, eləcə də  hamımız nə vaxtsa "qız qaytaran" yaşımız  olubdur. Bizə də baxıblar, biz də kölgə kimi sürünmüşük, yol kənarında bitmişik, bulaq başında gözləmişik… Daha nələr, nələr. Bax, həmin o məqamda da  bu misralardakı əhval-ruhiyyəni, mənzərəni, duyğuları   biz  də  sözə çevirmişik. Eynən belə olmasa da, bunun oxşarı olan sözlərlə fikirlərimizi çatdırmağa, yazdığımız məktublarda ifadə etməyə cəhd göstərmişik. Hissə qapılıb alacağımız o cavab üçün dil tökmüşük, özümüzü təqdim edəndə heyranlığımızı gizlətməmişik və yazmışıq ki:

 

Kimi heyran kəsiləcək gözünə,

Vurulacaq kimi şirin sözünə.

Kimi səni yar sanacaq özünə,

Kimi şirin xəyallara dalacaq.

 

Hə, xatırladınızmı, sizin də gənclik duyğularınız, gənclik sevdanız baş qaldırdımı könlünüzdə, yenə görüş yerinə tələsdinizmi və yaxud o sevginin yarısı olan yarınızla göz-gözə gəldinizmi. Bir damın altında oğul-uşağa, nəvələrə nəzər yetirdinizmi? Eh, gör nə qədər suallar var   e...bir-birinə calanıb uzanır, bitmir. Çünki mövzu əbədi, istək əbədidi. Sevgi hardasa nəfəsdi, canla çıxa bilir, canla tamamlana bilir. Deməli nə qədər varıqsa, o da bizimlədir. Yaşımızdan, başımızdan asılı olmayaraq. Həm də məşhur bir deyim də var. Xatırlayırsınızsa, bir vaxtlar dillər əzbəri idi bu deyim..

- Yaşın nə fərqi var!!!

Bax, elə heç vaxt yaşı büruzə verməyən, yaşı önə çəkməyən və yaşın da boyuna minnət qoymayan yeganə duyğudu sevgi. Çünki o sevgi dünyanı da gözəl görür, insanı da gözəl görür və bütün anlamlarda sevdiyin dünyanın da, insanların da ən gözəli olur sənin üçün. Baxmayaraq ki, o gözəllik birinin tərənnümünə, digərinin yanıb-yaxılmasına səbəbkardı.  Bir az da açıq-aydın ifadə etsəm, biri gözəlliyi ilə naz satır, o birisi də o gözəlliyin pərvanəsi olur. Belə bir məqamda da duyğular misralara çevrilir:

 

Gözəlliyə bel bağlama belə sən,

Saf eşqinlə ömrünü şad elə sən.

Dönəcəksən neçə aya, ilə sən

Gül yanağın saralacaq, solacaq.

 

Burda şair təkcə həyatın, yaşamın, duyğuların anbaan sona doğru getməsini, inkişafını xatırlatsa da, amma yenə bu gedişatı  sevgi ilə bağlayır, yenə xatırladır ki, bu gözəlliyi, bu sevgini yelə vermə. Onun saralıb solmasına şərait yaratma, biganəlik göstərmə. Çünki heç kimdə olmayan o zahiri və daxili gözəlliyi Allah sənə bağışlayıb və sən də Allahın lütfünü dəyərləndir. Elə et ki, sonda dizini qucaqlayıb bir küncdə tək-tənha qalmayasan.

Axı, sevgi əbədi olsa da, ömür əbədi deyil. Bu həyat həqiqətini bilmək və onu necə gəldi sağa-sola xərcləyib gərəksiz zaman itkilərinə qurban vermək  olmaz... Duyğuların hakim olduğu və sevginin əbədiliyini təkcə qəlbinə yox, hətta ruhuna hökm etdiyi məqamda özündə daxili bir əminlik yaratmalısan. O əminlik də sənə bildirməlidir, anlatmalıdır ki, əbədi olan üçün çarpışmaq, mübarizə aparmaq və onun acılı-şirinli yaşamağı bacarmaq lazımdı. Məhz həmin o əminlik təbii ki, sevgini bir az da ucaldacaq, bir az da ülvi edəcəkdir. Çünki:

 

Gənclik, ömür ötəridir onu bil,

Xoş gün üçün gözəllik də şərt deyil.

Həyatı duy, insan kimi sev, sevil,

Ancaq sevgi əbədidir, qalacaq.

 

Gördünüzmü, şair necə möhürlədi fikirlərinin sonunu. Necə sakit bir tərzdə, hay-küysüz, bir nəsihət, bir xeyir-dua şəklində öz oxucusuna üz tutdu və bildirdi ki, duy bu həyatı, insan kimi yaşa, insan kimi sev! Çünki uğurlar da, itkilər də, vüsal da, həsrət də hamısı insan üçün yaradılıb və deməli onların hamısının da həm dayaq nöqtəsi, həm də qovuşduğu yer sevgidir. O sevgi dünya var olandan bir əbədilik qazanıbdır. Çalış ki, sənin də sevgin o əbədi olan  sevginin bir zərrəsi kimi yaşasın və yaşatsın.

Barəsində fikirlərimi bilgisayara diktə etdiyim bu şeirin müəllifi Tahir Rzadır. Mən Tahir müəllimin yaradıcılığına müəyyən qədər bələdəm və elə bu kitab barəsində də xeyli əvvəl düşüncələrimi atüstü ifadə etmişdim. Amma yalnız bu şeirin məndə yaratdığı  assosiasiya elə bu yazının da araya-ərsəyə gəlməsinə vəsilə oldu. Düşünürəm ki, oxucular da bu kitabı mütaliə edəndə mənimlə həmfikir olacaqlar. Ən azından ona görə ki, söhbət sevgidən gedir.