Arzu Əsəd : - Ana dili dünya nemətidir.

YAZARLAR 13:10 / 19.10.2024 Baxış sayı: 1148

Ana dili dünya nemətidir.

Təkcə mənəvi yox, həm də maddi nemətdir. Yağ kimi, bal kimi, dadlı yemək kimi, ehtirasların təmini kimi, ev kimi, maşın kimi, səyahət kimi...

Neçənci dəfədir ki, gənc yeniyetmə azərbaycanlı övladların, ata-ana ilə kiçik uşaqlarının məişətdə bir-biri ilə rus dilində danışdığını görürəm. Danışığa müəyyən əda da qarışdırırlar, sanki özgələşmə duyğusundan xüsusi həzz alırlar. Əsəbiləşirəm, qıcıqlanıram, lakin, təbii ki, heç nə deyə bilmirəm. Amma ürəyimdə lənət oxuyuram

.Lənət olsun o valideynə ki, bu torpağın, bu məkanın dilini övladı üçün belə yadlaşdırıb. O əda, o şirinlik, o ağız əymələr, o nəcabətli, kübar görünmək istəkləri bu coğrafiyada mənim ana dilimin haqqıdır. O körpə dodaqlarda mənim ana dilim nazlanmalıdır. İnsanlar öz hiss və duyğularını ana dilində ifadə etməlidir.

Ana dilinin haqqına girdiyiniz dərəcədə yazıq övladlarınızı tanrının, təbiətin bəxş etdiyi o gözəllikdən, o nemətdən məhrum edirsiniz. Ana dilinin haqqına girdiyiniz dərəcədə lənətlənəcək, övladlarınız gələcəkdə sizin haqqınızı ödəməyəcəklər. Öyrədin də hansı xarici dili istəyirsiniz, daha bunu niyə gündəlik danışıq dilinə çevirirsiniz?

Niyə iqlim dəyişikliynin, maşınların buraxdığı karbon qazının normadan çox artıqlığı ilə çirklənən bu məkanın havası üstəlik normadan artıq işlənən yad dillərin havası ilə bu qədər kirlənməlidir? Bəlkə COP 29-da bu məsələyə də bir baxılsın?