Elman Eldaroğlu : - Mahnımızın  Şövkəti

MƏDƏNİYYƏT 08:07 / 20.10.2024 Baxış sayı: 737

Şövkət Ələkbərova- 102

Avtomobildə gedərkən radioda, lap elə evdə əyləşib televizora baxarkən təsadüfən efirə gedən mahnılarını demirəm, şüurlu şəkildə, bilə-bilə, heç Şövkət Ələkbərovanın mahnılarını səsləndirib dinləmisinizmi?..

Haradansa səs gəlir: “Sizi Şövkət Ələkbərovanın ifasında "Dərələr" mahnısını dinləməyə dəvət edirik. Musiqisi Emin Sabitoğlunun, sözləri Nəbi Xəzrinindir.”

Çinarlar qatar-qatar,

Qalxıb zirvəyə çatar.

Dağa qısılıb yatar,

Mışıl-mışıl dərələr,

Yaşıl-yaşıl dərələr.

Sizlərə vurğunam mən,

Bəzəyiniz şəfəqdən.

Günəş çıxar üfüqdən,

Ovuc-ovuc zər ələr,

Dərələr, dərələr, dərələr,

Ovuc, ovuc zər ələr.

Quş kimi üstünüzdə,

Qanad çalım, dərələr.

Şamlıqda bir axşamlıq

Dərələr, dərələr, dərələr,

Qonaq qalım, dərələr.

Sizlərdən yollar keçər,

Siz yaxşı ki, varsınız.

Zirvələrə açılan,

Geniş qapılarsınız.

Dərələr, dərələr, dərələr

Yaşıl-yaşıl dərələr...

Bəli, oktyabrın 20-si unudulmaz sənətkar Şövkət Ələkbərovanın doğum günüdür. 1922-ci ildə Bakıda dünyaya gəlmişdi. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirmişdi. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdu. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti idi.

Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdi. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyaraq, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdu. Və bu müsabiqə ilə də Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsası qoyuldu...

1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi...

İndi Bərzəxdə nə etdiyini bilmirəm, amma bu dünyada hələ də onun yeri görünür. Mövludu mübarək olsun!

 

Bir 3 nəfər şəkili ola bilər