Əbülfət Mədətoğlu : -  Çin toyunun özəlliyi

YAZARLAR 14:29 / 21.10.2024 Baxış sayı: 481

 

Dünya ədəbiyyatında səfərlər, yol qeydləri, xatirələr silsiləsindən olan  yazılar, hətta povest və romanlar da var. Həmin əsərlər daha çox reallığa, yəni bədii məhsuldan çox gerçəkliyi ifadə edən, ona  söykənən  yazı nümunələridir. Həmin kitablarla  təmasda oxucu müəllifə qoşulur, onun barəsində söz açdığı coğrafiyanı bir növü gəzib dolaşır. Həmin coğrafiyanın diqqət çəkən mənzərələrindən tutmuş sosial məişət, mədəniyyət, hətta iqtisadiyyat aləmindən də xəbərdar olur. Bu da bir növü tanıtım xarakteri daşıyır. Deməli, son nəticədə hardan, hansı məmləkətdən söhbət gedirsə, o   yerin tarixindən də az-çox xəbərdar olursan.

Mən hər dəfə kitabxanamla baş-başa qalanda bəzən əvvəllər də oxuduğum kitablara yenidən qayıdıram. Bugünlərdə yenə belə bir məqamı təkrar yaşadım. Elə buradaca onu da əlavə edim ki, bizim ədəbi nümunələrimiz arasında Nəbi Xəzrinin, İmran Qasımovun, Qəzənfər Paşayevin, Novruz Nəcəfoğlunun, İradə Tuncayın və digərlərinin səfər təəssüratlarını oxucuya çatdıran maraqlı ədəbi nümunələr var. Bu müəlliflər gəzdikləri yaxın-uzaq ölkələrin həm coğrafiyası ilə, həm ədəbiyyat və mədəniyyəti ilə, həm də bütövlükdə, onların bir xalq olaraq həyat tərzi ilə biz oxucuları  yaxından tanış ediblər.

Məhz  həmin müəlliflərin sırasında Hüseynbala Mirələmovun da özünəməxsus yeri var. Belə ki, Hüseynbala müəllimin "Çində möhtəşəm 10 gün "  xatirələr kitabı mənim üçün bu böyük məmləkətlə tanışlıqda əlavə bir yaradıcılıq mənbəyidi. Çünki səfər təəssüratı olan bu kitabda yazıçı Çinlə bağlı 10 gün müddətində gördüklərini, iştirakçısı olduqlarını və eşitdiklərini qələmə alıbdır. Çox maraqlı bir bədii nümunə olan bu kitab həm də özünün dizaynı ilə də diqqəti çəkir. Mənim yaddaşımda bu kitabla bağlı müəyyən cizgilər qalmışdı. Ona görə kitabı ikinci dəfə gözdən keçirəndə hələ ilk oxunuşdan xatırladığım Çinin adət-ənənələrindən biri olan toy mərasimi yenə mənim üçün  maraq kəsb etdi və həmin hissəni təkrar oxudum…

Müəllifin vurğuladığı kimi Çində çox maraqlı bir toy ənənəsi var. Bunu maraqlı edən əsas tipik cəhət toyun səhər və yaxud axşam reallaşmasıdı. Yəni çinlilər qonaqları toya əgər səhər dəvət ediblərsə, deməli, toyun səbəbkarları ilk dəfədir ki, evlənirlər. Əgər dəvət axşam toyunadırsa, onda səbəbkarlardan hansısa biri və yaxud hər ikisi ikinci dəfə ailə qurur. Bax, bu detalın özü toya gələnlərin iştirak imkanlarını, maraqlarını büruzə verir. Müəllif Çin toyu ilə bağlı yazısında vurğulayır ki, bu toyda bəylə gəlinə ya hədiyyə, ya da pul bağışlanır. Maraqlıdır ki, Hüseynbala müəllim və onunla birlikdə Çində olan nümayəndə heyətinin üzvləri qaldıqları oteldə keçirilən toy mərasimində qonaq qismində iştirak edir, bu mərasimi axıra kimi izləyib özləri də bəylə gəlinə pul hədiyyə ediblər və canlı olaraq həmin toyda da bəylə gəlinə hər kəsin daha çox övlad, özü də oğlan uşağı arzu etdiklərini diqqətdən qaçırmayıblar. Görünür, elə bu səbəbdəndir ki, Çində kişilərin sayı qadınların sayından xeyli çoxdur. Hətta həmsöhbət olduqları çinli ağsaqqallar bildiriblər ki, Çində ailəli olmaq daha üstündür, nəinki subay qalmaq. Onlar nigahda olanları xoşbəxt sayırlar və övladı olanları isə daha yüksək qiymətləndirirlər. Çinlilərin adətinə görə övladı olmayan bədbəxtdir. Çinlilərin bununla bağlı bir maraqlı xalq deyimləri də var. Belə ki, Çin atalar sözünə görə «Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç» deyilir.. Həmin toyda verilən məlumata görə Çində valideyn ehtiramından məhrum olmaq ən ağır cəza sayılır. Hətta çinlilərin nigah haqqında qanuna görə kişilər 22, qadınlar isə 20 yaşdan az olmayaraq  nigaha girməlidir. Təbii ki, əhalisi çox olan bu ölkədə dünyaya övlad gətirməsi məsələsi də dövlət tərəfindən nəzarətdə saxlanır. Ona görə də hər ailədə bir uşaqdan artıq doğuşa qadağa qoyulubdur.

Bəli, Çin toyunda maraqlı detallardan biri də bizdə olduğu kimi, bütün arzular biləvasitə övladla bağlıdır. Onlar da yeni ailəyə oğul arzu etməklə nəsilin davamlı olmasını özündən əvvəlki ulularının adət-ənənəsini, əməllərini yaşatmasını arzu edirlər. Və xüsusi olaraq vurğulayırlar ki, izdivaca girən bəyin özünəlayiq oğlu dünyaya gəlsin. Bununla da onlar sanki özlərinin gələcək xoşbəxtliklərini doğulacaq həmin oğul nəvə ilə bağlayırlar. Çünki oğul ailəyə kənardan gəlin gətirir və nəslin davamlı olmasına bir növü səbəbkarlıq edir.

Mən Hüseynbala Mirələmovun «Çində möhtəşəm 10 gün» kitabından götürdüyüm bu xatırlama ilə sadəcə olaraq qədim ipək yolunun keçdiyi Azərbaycanda da səsləndirilən xeyir-duanın içərisində oğulla bağlı fikirlərin bu və ya digər formada qabardığını da xatırladım. Əgər unutmamısınızsa, bizdə də deyirlər ki, «Oğul düşmən çəpəridi». Deməli bütün hallarda Çin toyu ilə bağlı olan təəssüratım məndə belə bir qənaət yaratdı ki, demək əhalisinin sayından asılı olmayaraq bütün xalqlar və ölkələr daha çox oğul arzulayan valideynlərin qurduğu, təşkil etdiyi toylar bir-birinə bənzəyirlər.

Bəli, bu kitab mənə bir də onu xatırlatdı ki, getmədiyimiz, olmadığımız məmləkətlər barəsində təəssüratlar, xatirələr kitabları bizi də az-çox o yerlərə aparmış olur. Necə deyərlər, görmədiklərimiz barəsində görüb yazanlardan biz də nələrsə əxz edirik. Bunun üçün həmin müəlliflərə,  indiki anda isə dəyərli yazıçımız Hüseynbala Mirələmova təşəkkürümü bildirirəm.