Əlizadə Nuri : - Yol sal, məni yola sal...
Bu yeli kim qorxudub-
Niyə belə əsir yel?
Mənə bir yer göstərin
Ordan görünməsin yer.
Sevgi bəhanə imiş ,
Hər gün darıxmaq üçün.
İllər pilləkan oldu
Ölümə çıxmaq üçün...
Yol da yoxdu getməyə,
Yol sal, məni yola sal.
Get, o qəmi qarşıla
Qorxuram ki, yol aza...
Mən bir həsrət vağzalı,
Sən gecikən qatarsan.
Girmə mənim yarama-
Çox dərindi, batarsan.
...Bu sevgili gecədən,
Ayrılmaq istəmirəm.
Allah girib yuxuma-
Ayılmaq istəmirəm...