Elman Eldaroğlu : - Nə qədər ki, Azərbaycan xalqı var...

Deyir ki:- “İstər bəstəkar, istərsə şair kimi yaradıcılıq yolum çox uğurlu olub. 90-cı illərdə mən bu yola qədəm qoyanda ədəbiyyata bir çox imzalar da gəldilər və sonra da getdilər. Məni dinləyicilərin, oxucuların sevgisi saxladı. Axı şairlər bir qədər dəymədüşər olurlar. Əgər o sevgini görməsəydim, bir kənara çəkiləcəkdim, heç nə yaratmayacaqdım...”
İnadkar qadındır, dürüstlüyü və səmimiyyəti ilə fərqlənir. Həqiqətin qalib gəlməsinə, irəliləməsinə əhəmiyyət verir. Məntiq onun üçün emosionallıqdan daha vacibdir. Son dərəcə etibarlı və nəcibdir. Bütün bunlarla yanaşı, həyat onun üçün də asan keçməyib...
“Oğlum Fəridin ölümündən sonra bir onu düşünürdüm ki, kaş mən ona başqa ad qoyaydım. “Fərid” adının mənası seçilmiş, qeyri-adi, standartlardan uzaq, fərqli deməkdir. Oğlum elə bənzərsiz ömür yaşadı. O, doğulandan fərqli uşaq idi: qıvrım sarışın saçları, uzun kirpikləri, qara gözləri vardı. Küçədə mənə qadınlar məsləhət verib deyirdilər ki, belə uşağı bayıra çıxartmazlar, gözə gələr. Hətta qaynatam gedib Zərdabda demişdi, Əlisafanın bir oğlu var ki, nəslimizdə elə uşaq olmayıb. Qohum-əqrəba ancaq onun gözəlliyindən danışırdı. Uşağım körpəlikdən gözə gəldi. Xəstəlikləri də qəribə olurdu: əvvəlcə saçları töküldü, sonra gözlərində problem yarandı. Mən onu ovcumun içində əsə-əsə böyütdüm. Onu aparmadığım həkim qalmadı. Heç kim onun saçlarının tökülməsinin səbəbini tapmırdı. Qəribəsi bilirsən nə idi? O sağalırdı, mən xəstələnirdim, o xəstələnirdi, mən sağalırdım. Yaşadığı 34 il ancaq belə keçdi...”- söyləyir.
İdealist və romantik xanımdır. Güclüdür, həm də xarakterik fiziki xüsusiyyətlərə sahibdir. Daxilində lider ruhu yaşayır. Çox şən və enerjilidir. Cəsarətli qərarlar verməyi bacarır. Və verəcəyi hər bir qərara yaşadığı məqamlar çox təsir edir. Düşmən kimi qəbul etdiklərinə qarşı amansız, dostlara qarşı isə çox mərhəmətlidir...
Deyir ki:- “O qədər uğurlu iş birliklərim olub ki. Hansını deyim, bilmirəm. İlhamə Quliyeva, Flora Kərimova, Faiq Ağayev, Aygün Kazımova, Brilliant Dadaşova, Elçin Cəlilov, Mətanət İskəndərli, Səməd Səmədov, Zöhrə Abdullayeva, Ağadadaş Ağayev, Gülyanaq və Gülyaz Məmmədovalar, Teyyub Aslanov, Nəzakət Teymurova, Tünzalə Ağayeva, Mələkxanım Əyyubova, Könül Kərimova, İradə İbrahimova, Elnarə Xəlilova, Röya Ayxan, Zakir Əliyev, Fidan Hacıyeva, Zamiq Hüseynov, Sevda Əliqızı, Ayan Babakişiyeva, Samir Piriyev, Mətanət Əsədova, "Xan" qrupu, Cahangir Qurbanov, Lalə Məmmədova, Zabitə Alıyeva, Nuri Sərinləndirici ilə istər şair, istərsə də bəstəkar kimi maraqlı və zövqlü yaradıcılıq birliyim olub. Bəlkə daha kimlərinsə adı yadımdan çıxdı, üzrlü saysınlar. Mən onların hər birinə minnətdaram. Bilirsiniz, yazmaq- mahnı bəstələmək işin bir tərəfidir, əsas tərəfi o mahnıları dinləyiciyə çatdırmaq, ürəklərinə, yaddaşlarına köçürməkdir ki, bu da müğənninin ifasından və təqdimatından asılıdır. Bu barədə sənətkarlarımızdan razıyam. İmzama, şeirlərimə, musiqilərimə dəyər veriblər, doğma yanaşıblar, seviblər və sevdiriblər. Əvvəl mən imzamı, sonra da imzam məni sevdirib...”
Bildinizmi söhbət kimdən gedir? Adı gözəl, özü gözəl, xanımlar xanımı Xanım İsmayılqızıdan. Allahın xoş bir günündə Bakı şəhərində anadan olub. Atası İsmayıl Qarayev Goranboy, anası Pərizad Tağıyeva isə Xızı rayonundan idilər. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1972-1984-cü illərdə "Gənclik" Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq vəzifələrində çalışıb. Bir müddət Efiopiyada yaşaması ilə əlaqədar nəşriyyat işindən ayrılıb və Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıdıb. 1987-1989-cu illərdə BDU-nun nəşriyyatında şöbə müdiri, 1989-1995-ci illərdə Azərbaycan bədii tərcümə və ədəbi əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini, 1995-1998-ci illərdə "Bilik" Maarifçilik Cəmiyyətinin "Bayatı" Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini, direktor, 2014-2016-cı illərdə isə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifələrində işləyib. Daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzivəsində çalışıb. Hazırda harada işlədiyini bilmirəm...
“Mənim üçün yazı prosesi hisslərin, düşüncələrin tərcüməsini etmək, onların dilini tapıb ürəyimdən keçirərək söz və musiqi dilinə çevirməkdir. Bütün yaradıcı insanlar tərcüməçilərdir. Bu bədahətən olanda gözəlliyə qovuşur və yaradıcıya rahatlıq gətirir. Amma sifarişli işlərim də olub. O işləri də özümünküləşdirmədən, ruhuma toxundurmadan yazmıram. Ürək qoymadan görülən işlər ürəklərə toxuna bilməz. Nə edirsənsə et, ürəklə et.”- söyləyir.
Onun qələmə aldığı şeirlər çox gözəldir, bəstələdiyi mahnılar isə şeirlərindən də gözəl. Bəli, Məhsəti Gəncəvidən üzü bəri Azərbaycan ədəbiyyatında gözəl poeziya nümunələri yaradan qadınlar çox olub. Onların unudulanları da var, yadda qalanları da. İnanıram ki, əlahəzrət ZAMAN Xanım İsmayılqızının yaradıcılığını da seçib, əbədi yaşadacaq. Və nə qədər ki, Azərbaycan xalqı var, onun ərsəyə gətirdiyi mahnılar əsrlər boyu zövqlərə sığal çəkəcək...
Aprelin 10-u xanımlar xanımı, şair, publisist, tərcüməçi, bəstəkar Xanım İsmayılqızının növbəti ad günüdür. Onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram...
Yeni yaşınız mübarək olsun!
