Sona Vəliyeva : - YOLLARIN AYRILIQ ŞEİRİ

Ədəbiyyat 10:06 / 30.04.2025 Baxış sayı: 1537

 

(Dualara bükdüm səni

Ayrılıq gəlib tapmasın,

Yolları gözümə yığdım

Bir də səni aparmasın...)

 

İstər gediş olsun, istər qayıdış,

Ayrılıq daşıyır, bütün limanlar.

Bəzəkli biletlər həsrət naxışlı,

Uzanan yolların gözündə qəm var.

 

Ömür karvanına sarvan arzular,

Göylərə, dənizə dualar səpər.

Kirpiyim çəpərlər gedən yolları,

Həsrətin acısı gözdən tökülər.

 

Bu necə gedişdi, şəhər boşaldı,

Yola kəmənd atıb, necə döndərək,

İlahi, dağılmış qum dənəsiyəm,

Toplayıb yığmağa doğma əl gərək.

 

Kim var gəlişində sevinci ölçən,

Kim var gedişində təskinlik verən,

Yolun qulağına dedim gedəni,

Bir gün mənsizliyə öyrətməlisən.

 

Əlim qaşım üstə yollar çətiri,

Gedişin dünyanın qürbət nəğməsi.

Bir leysan nağılı başlar buludlar,

Çin olar qismətin göydən gəlməsi.

 

Ümidim gecə də yollara günəş,

Narahat içimdə yolçu özüməm.

Gözümü bir nöqtə çəkib aparar,

Yetişib görərəm, gözləyən mənəm.

 

Gülüşüm gizləyər, örtər kədəri,

Həsrət xəritəsi, üzdə tənhalıq.

Bir ümid nəğməsi çalır küləklər,

Kaş yollar kəsişə bitə ayrılıq.

 

Qayıt gəl, sevinsin bu dəniz, şəhər,

Gilavar telini öpsün, oxşasın,

Yolları özündən əvvəl göndər ki,

Səni ayrılıqlar məndən almasın!

 

Demə ki, eyninə alma həsrəti,

Demə ki, mən neynim alındı belə,

Göylərin “süd yolun” sevgi yolu tut,

Yolu da qəlbin tək bəxtəvər eylə.

 

Yığıb yer üzündən ayrılıqları,

Göndərək nə bilim, haradan hara,

Həsrət çiçəkləsin bəxt, tale gülsün,

Yollar qucaq açsın darıxanlara...