Qurban Əhməd : - SEVİLƏN QADIN...

(hekayə)
Günəş qalxdıqca yandırıcı şüalarından qorunmaq üçün hamı kölgəliklərə çəkilirdi. Yay fəsli həddindən artıq isti keçirdi. Günəş altında işləyən işçilər gündüz saat 11-dən, axşam saat 16-ya kimi fasilədə olurdular. Mərkəzi xəstəxananın həyətinin giriş qapısında mobil telefon qulağında Tərlan danışa-danışa o yana, bu yana gəzişirdi. Tərlan danışdıqca gah gülümsəyir, gah da, üzünü ciddiləşdirirdi. Arada bir, yan-yörəsinə boylanaraq ətrafdakı adamların onun danışıqlarını eşidib-eşitmədiklərindən əmin olmaq istəyirdi. Ağ rəngdə "07" markalı avtomobil Tərlanın arxa tərəfində siqnal verdi Tərlan diksinərək telefonu əlindən yerə düşürdü. Dönüb baxanda:
- Dayı, sən yaman qorxutdun məni, - deyə həyəcanla dilləndi.
Sürücü avtomobildən düşüb gülə-gülə dedi:
- Tərlan bala, bütün qorxuluğun keçdi. Bəs, xanım dostun hanı?
-Gəlir, yoldadırlar. Oğlu Sahib deyib ki, ana, mən də səninlə gedim, görüm, həkim nə deyəcək.
- Hə...ə.. Onda işin fırıqdı, alınmayacaq.
- Telefonda dedi ki, birtəhər edib oğlumu azdıracam.
- Gəldilər, - deyib, Tərlan onlara tərəf irəliləyən qadını seyr etdi. Laqeyid yerişli qadın əlini çiyinlərinə tökülən qara saçına apardı, səliqəyə salmaq üçün üst-başına nəzər yetirib, qırmızı lalə güllü donunun qırçınlı ətəyində əllərini gəzdirərək sahmanladı. Sahib Tərlana əl uzdaraq:
- Salam, əmi, necəsən?
- Əleykə salam. Sahib bala, sən necəsən?
- Yaxşılıqdı, əmi.
Nəcibə sağ əlindəki əl çantasını sol əlinə alıb, sağ əlini Tərlan uzatdı.
-Salam, Tərlan.
Tərlan Nəcibənin əlini tutanda, Nəcibənin qəhvəyi rəngli gözləri sevinclə parladı. Bu da onun sifətinə xüsusi mülayimlik, lətafət verirdi. Tərlan Nəcibənin oğlu Sahibi görəndə qanı azca qaraldı. Amma onun narazı qaldığını Sahib hiss etməsin deyə, ona sataşdı:
- Doğurdan, indi Sahib nişanlı oğlandı, burada məni əvəz edəcək.
Nəcibə qıyğacı oğluna baxaraq söhbətə qoşuldu:
- Nişanlısı bu küçədə olduğu üçün gəlib, Qaynanasın çox istəyir. Qaynanasına dəyməyə gedəcək.
Nəcibə evdə də oğlu ilə şirin zarafatlar edərdi. Sahib özünü itirdi. Qızararaq, hətta yerində qımıldandı da. Sürücü dayı kənarda duraraq Tərlana zəng etdi ki, getsin, yoxsa gözləsin. Tərlan da onun qalmasını telefonda söylədi. Bəzən göydə axtardığın yerdə əlinə düşür.
Tərlan xəstəxananın qarşısında bir nəfərlə söhbət edə-edə onlara tərəf gələn tanış həkimi gördü. Azacıq duruxdu, sonra gülə-gülə dedi:
- Həkim bizi gözləyir, gedəyin. Qaydalar hər yerdə dəyişir. XXl əsrdi, işbazlıq hamımızın qanına işləyib.
Tərlan dikbaşlıq edərək hamını razı sala biləcək söz tapdı. O, qımışıb, ehtiyatla:
- Həkim, bir yerə gedirsiniz? - soruşdu.
Tərlanın sorğusuna həkim sualla cavab verdi:
- Cavan oğlan, mənimləsiniz?
- Bəli, sizinləyəm...
Həkim qamətini şax saxlayaraq, xırda addımlarla Tərlana yaxınlaşıb soruşdu:
- Nə olub ki?
Tərlan ərki çatırmış kimi məhz bayaqkı ahənglə dilləndi:
- Bura sizi deyib gəlmişik. Xəstəmiz var, həkim.
Həkim mehribanlıqla Tərlanın üzünə baxdı. Əlinin birini sinəsinə qoyub, o biri əlini arxaya uzadaraq dedi:
- Bu yoldaşın uşağının evdə sarğılarını açıb qayıdacağam.
Onlar xəstəxananın həyətindəki şam ağaclarının altında dayanıb həkimi gözləyirlər. Təbiətin ağıla gəlməz işləkləri var. Sahibin mobil telefonuna zəng gəldi. Telefonla danışa-danışa boğazını arıtladı və hüzünlü-hüzünlü anasından soruşdu.
- Ana, görəsən həkim tez gələr?
- Dəqiq deyə bilmərəm.
Ortalığa sükut çökdü.
- Hara gedirsən? - Nəcibə oğlundan soruşdu:
Sahib gülümsünərək cavab verdi:
- Gələcək bacanağıma ev alıblar. Bu gün evinə köçür, məni də köçünə köməyə çağırırlar.
Sahib sağollaşıb getdi.
Tərlanla Nəcibənin kədərləri sevincə döndü. Tərlan lap açıq-açığına dedi:
- İnamımı itirməmişdim. Mən ruhdan düşmürdüm. Ruhdan düşsəydim biganələşərdim. Nəcibə uşaq çılğınlığı ilə dedi:
- Xəstəxanadan yola düşmək sənin tapıntı dır. Pis tapıntıda deyil.
- Mən deyənin üstə gəldin? Burada heç kəs şübhələnmir. Hətta oğlun belə.
Tərlan nə fikirləşdisə elə bil xəcalət çəkdi. Handan-hana sözünə davam etdi.
- Yenə də bir qənbərqulu çıxar, gedək oturaq avtomobilə.
Əvvəlki həvəslə, bir qədər də artıq şövqlə avtomobilin arxa oturacağında əyləşdilər.
Tərlan istirahət mərkəzində kirayələdiyi otağın işıqlarını yandırdı. İşıq gözlərini elə qamaşdırdı ki, ətrafı görə bilmədi. Göz qapaqlarını yumub açanda baxışları yataq otağının ağ mebelli qoşa yataq dəstinə dikildi.
Nəcibə qapı ağzında dayanmışdı. Tərlanın beynində sanki ildırımlar çaxdı.
"Bu da intim otağımız", - sözünü o dodaqları ilə demədi, hardansa dərindən gəlirdi bu söz. Divar, tavan, döşəmə hamısı tər-təmizdi. Həqiqətən, otağın qəribə şəkildə taxtadan düzəlməsi insanın qarşısında təzadlı bir lövhə yaradırdı. Tərlanın gözləri Nəcibədə ilişib qaldı. Və elə bil, bu onda bu sözləri deməyə əminlik yaratdı:
- Bircə burada biz özümüz oluruq, özümüz üçün yaşayırıq.
Nəcibənin yumru çiyinləri silkələndi, hətta boynu azacıq salxdı. Gözlərini acizanə tərzdə döyəclədi.
Yataq otağına sorğusuz, söhbətsiz girdilər. Nəcibə əvvəlcə Tərlanla yanaşı dayandı. Çiyin-çiyinə otaqdakı geyim rəfinin yana siyirtməli güzgüsünün önündə bir qədər dayanaraq dedi:
- Cavan oğlan, yaraşırıq biri-birimizə? - deyə Nəcibə gülümsədi.
Tərlan çılğınlıqla Nəcibəyə baxdı. Nəcibə bir neçə dəfə gözlərini Tərlanın nadinc uşaq təki bir yerdə dayanmayan göz bəbəklərindən yayındırmaq istədisə də bacarmadı.
- Göydəki mələklər kimisən, - deyə Tərlan Nəcibəyə baxıb gülümsədi.
Nəcibə Tərlanın ehtirasdan qızaran üzünə baxdı. Bütün bədəni Tərlanın hərarətli əlinin oduna güclə dözürdü. Alnında xırda-xırda tər puçurları göründü.
Tərlan onu qollarının arasında bərk-bərk sinəsinə sıxdı. Bu anda, elə məhz bu anda sevda əldə qılıncı araya girmişdi. Qorxusuz sevda ahənglə bir-birini necə də tamamlayırdı. Gözəl qadın, cavan oğlan.
- Gözəl, seyr eləmək üçün deyil, onu gərək öz həyatına çəkə biləsən.
Bu sözləri bir neçə il bundan qabaq Tərlan iş yoldaşlarına söyləmişdi. Çünkü Tərlanla Nəcibənin sirrindən xəbərsizdirlər. Tərlan rayon mərkəzindəki şirkətdə fəhlə işləyirdi. Ədəbi, əxlaqı, davranışı və qeyri-adi zarafatları ilə nəinki iş yoldaşlarının, hətta ora gələn müştərilərin də rəğbətini və məhəbbətini qazanmışdı. Şirkətin yeməkxanasını icarəyə işlədən Qaraxan balacaboy olmasına baxmayaraq tülkü kimi hiyləgər idi.
Şirkət sahibi Hacı Mərdan da bir təhər onunla dil tapıb yola gedirdi. Bir dəfə Novruz bayramından sonra o, yeni, xanım işçi gətirdi. Şirkətin bütün işçiləri kişi xeylağı idi. Kişi xeylaqları yeni gələn xanım işçini görmək, tanış olmaq məqsədi ilə nahar yeməyə, hətta, tez-tez yeməkxanaya çay içməyə gəlirdilər. Ancaq təzə qadın işçi bu riyakar adamları düz anlamışdı. İndi bu adamlar çörək pulu üçün çarpışmırlar. Mənimlə münasibətlərin düzəltməyə çalışırlar. Belə adamlar üçün hər şey münasibətdən asılıdır. Fikirləşirdi və heç birinə əhəmiyyət vermirdi. Tərlan öz işində idi. Evdən yeməyini gətirərdi. Nahar fasiləsində isidib yeyərdi.
Günlərin bir günü qaz balonu qurtardığından yeməyini isidə bilmirdi. Qaraxandan icazə alıb yeməyini qızdırmaq üçün yeməkxanaya apardı. Yeməklərin bişdiyi otağın qapısı açıq idi. Otaqda sərv ağacına oxşar, qəddi, qamətli, uzun donu uca boyuna çox yaraşan qəşəng qadını görüb, ədəb-ərkanla:
- Salam, xanım, - dedi. - Qaraxandan icazə almışam. Zəhmət olmazsa, bu yeməyi isidərdiniz.
Əlindəki yemək qabını xanıma doğru uzatdı.
- Yox, sən nə danışırsan? Zəhmət olmaz.
Xanım Tərlanın əlindən qabı aldı. Tərlan isə öz yerinə getdi. On-beş dəqiqədən sonra Xanım qapıda göründü. Tərlana əli ilə işarə etdi ki, gəlib yeməyini aparsın.
Tərlan tələsik özünü ora yetirdi. Xanım yemək qabını ehtiramla uzatdı. Tərlan yeməyi onun əlindən ehtiyatla alıb, diqqətlə ona baxmağa başladı. Bu xanıma heç kəs biganə qala bilməzdi. Tərlan dil qəfəsə qoymadı:
- Allah sizdən razı olsun. Allah sizə can sağlığı versin.
Qadın Tərlanın üzünə baxıb gülümsəyərək dedi:
- Ancaq, çox maraqlı danışırsınız.
Aralarındakı mehribançılıq günü-gündən artırdı. Tərlanın mərdliklə mülayimlik özündə cəm edən və ətrafdakılardan heç birində müşahidə olunmayan xasiyyəti, kişiliyi də onu beynində dolaşan xoş fikirlərdən geri çəkilməməyə vadar edirdi. Ancaq məhəbbət hər ikisinin arasında olan basılmaz qala idi. Nəcibə bir gün fikirləşirdi ki, Tərlana ürəyindən keçənləri necə desin. Tərlanla üz-üzə gələndə dili tutulurdu. Deyə bilmirdi, ürəyindəkilərini. Birdən ağlına gəldi ki, telefon bəs nə üçündür. Ancaq Tərlanın mobil telefon nömrəsini kimdən soruşsun? Ona deməzlər ki, Tərlanın mobil nömrəsi nəyinə lazımdır?
Bir gün Nəcibə Tərlanın görən kimi əl işarəsi ilə onu yanına çağırdı. Tərlan onun yanına gələnə kimi o, öz telefonunu söndürdü.
- Tərlan, qızım Sevil mənə zəng etmişdi, ancaq konturu qurtardı, sözümüz yarımçıq qaldı. Telefonunu ver qıza zəng edim, görüm nə deyir.
Tərlan tez telefonunu cibindən çıxarıb Nəcibəyə verdi. Nəcibə də öz telefon nömrəsinə zəng etdi ki, Tərlanın nömrəsi onun telefonuna düşsün.
- Tərlan, zəng çatmadı. Çox sağ ol. Sənə də zəhmət verdim.
İstək və arzularına qovuşmasından Nəcibə yalnız və yalnız həzz alırdı. Axşamüstü Tərlana həmin nömrədən zəng gəldi.
Tərlan telefonunun "hə" düyməsini basaraq dedi:
- Sizə ananız zəng etmişdi.
- Elə ana özüdür, əzizim.
Söz Tərlanla çatmadı. Sözünün cavabsız buraxılmasına Nəcibə mətləbinin ona çatmadığını hiss elədi. Odur ki, onunla açıq-aşkar danışmağı lüzum gördü.
- Qadağa tələblərini, Tərlanım, ürəyindən çıxar at kənara. Yalnız hislərinlə hərəkət et. Mənim səndən xoşum gəlir. İstəyirəm üzümüzə gələn altıncı və bazar günlərini səninlə bir yerə çıxaq, dincələk. Nə deyirsən?
- Baş üstə, nur çöhrəli gözəlim.
İlk görüşlərində Tərlan ehmal-ehmal Nəcibənin əllərindən tutdu, özünə sarı çəkib, onun başını çiyninə söykədi. Nəcibə də eyni mehribanlıqla onu bağrına basdı. Ancaq ürəyi həyəcandan bərk döyünürdü. Yanaqlarına vuran qanın onun bənizində yaratdığı dəyişikliyi otağın yarı qaranlığı ağuşuna alaraq görünməz etdi. Nəcibə qeyri-ixtiyari pıçıldadı
- Eh.. Sevgi, eşq, məhəbbət ağlı elə yerindən oynadır ki...
Tərlan onu öpüşlərə qərq edərək:
- Məhəbbət oddur, eşq küldür, sevgi seldir. Od insanı yandırır, kül kor edir. Sel isə bilmirsən hayana aparacaq. Mən bunu çoxdan demişəm. Məhəbbətə hissin gücüylə yox, ağılın gücüylə qiymət vermək lazımdır.
... Deyirlər, aylar və illər yel qanadlıdır. İlk görüşdən səkkiz il keçirdi. Od və su, biri yandırır, biri söndürür. Tərlanın əlləri onun şümal və zərif dərisində gəzdikcə, Nəcibənin bütün bədəninin tit-tir titrəməsi aydın nəzərə çarpırdı. Həmişəki kimi Tərlan onu sakitləşdirmək məqsədi ilə deyirdi.
- Narahat olma, əzizim, hər şey yaxşı olacaq. Mən səni, sən də məni sevirsən. Bu sevgi əbədidir, bizi bir-birimizdən kim ayıra bilər ki?...
Otağın pəncərələrindən asılan qırmızı pərdələrə günəşin şüası düşdüyündən otaqda kölgələr daha tünd görünürdü. Ağ mebelli yataq dəsti yelləndikcə, otağın sükutunu zəif və xoşmənalı qadın iniltisi pozurdu...
Nəcibə sərməstliyi, xoşbəxtliyi Tərlanla keçirtdiyi bir neçə saatda orada tapırdı. O, elə fikirləşirdi ki, həyat çox gözəldir. Tərlanın qoynunda dərd-sərsiz həmişəlik uyumaq istəyirdi.
İstirahət mərkəzinə gələrkən yolda aldıqları yemək-içməyi səliqə ilə stola düzdükdən sonra Tərlanın üzündən öpərək dedi:
- Qalx, bir-iki tikə nahar edək.
Tərlan süfrə başına gələndə ani təəccübləndi. Stolun üstünə barmaq basmağa yer yoxdu. Qəlyanaltılar elə səliqə-səhmana düzülmüşdü ki, tox adamın da iştahası açılardı.
- Sənin səliqə-səhmanına heç şəkk-şüphəm yoxdur, - Tərlan Nəcibənin əllərindən öpüb dedi.
Nəcibə dərindən köks ötürərək:
- Eh... sən nə görmüsən hələ bu dünyada, ay cavan oğlan?
- Mənimləsən?!
- Burda səndən başqa cavan oğlan var?
Onlar qəlyanaltı etdikdən sonra istirahət mərkəzinin yeməkxanasında sifariş etdikləri çay dəsgahını ofsiant gətirdi. Çaydan içə-içə söhbət etdilər.
- Amil yenə kölgə kimi səni izləyir? - Soruşdu:
- Mən səni iş yerində mehribancasına dindirdikcə onun bağrı çatlayır. Öz-özünə deyinir. Güya mənə öyüd verir. - Tək heç yana getmə, siz bura işləmək üçün gəlirsiz. Tərlan kimdi axı, adicə fəhlə. Mən şirkətin sahibinin ən yaxın qohumuyam. İstəsəm Tərlanı buradan rədd etdirərəm. - Elə bilir mən bunun məqsədlərini başa düşmürəm. Bu sözləri birinci dəfə deyil, dönə-dönə təkrar etdiyindən çox-çox aşağı səviyyədə olduğunu göstərir.
Tərlan Nəcibəni gözü dolusu süzərək elə bil pıçıltı ilə məhəbbət şeiri oxuyurdu. Həqiqətən, göyçəkdi. Al yanağı bənizinin açıq çəhrayı rənginə uyuşurdu. Bu onu bir qədər də boy-buxunlu göstərirdi. Boyunun uzunluğu və zərifliyi döşlərini iriliyini gizlədirdi. Qaşlarının çatması ona intizarlı görkəm verirdi. Elə bil ki, uzaqlara baxırdı. Danışdıqca dodaqlarının açılıb yumulduğu hiss olunmurdu. Dodaqlar baharın şirinlik suyu ilə yuyulmuş qonçəyə bənzəyirdi. Gözəldir, həqiqətən gözəldir. Elə bil neçə vaxtdır bir-birlərini qəlblərində gizlətmişdilər. Bu gün, bu an üzə çıxarırdılar.
- Səndə də kişi gözəlliyi var. Qızlar mənim tək dərdindən dəli-divanə olurlar...
Nəcibənin gözləri yaşardı. Qəhərini boğmaq üçün sözlərinə ara verdi. Tərlan onun səs tellərinin gərginliyini hiss edərək, Nəcibəni qolları arasında yüngülcə sinəsinə sıxıb dedi:
- Bizim taleyimiz başqa-başqadır.
Nəcibə qanrılıb Tərlanın gözlərinin içinə baxaraq dedi:
- Düzdür, talelərimiz başqa, sevgimiz başqa. Sən də evli kişisən. Ailən, körpə uşaqların. Səni qınamıram, biz ancaq bununla kifayətlənməliyik. Nəcibə sözünü ürək yanğısıyla dedikcə Tərlanı soyuq tər basdı.
- Bilirsən, əzizim, yaxşı, ya pis qəbahətimiz varsa da, onları doğrultmaq üçün səbəbimiz də var. Yalnız və yalnız aramızda olan sevgi, - Tərlan dedi.
Nəcibə Tərlanın qoluna girərək:
- Qadın üçün təklikdən betər yoxsulluq yoxdur.
Tərlan fürsəti əldən verməyib yarı zarafatla soruşdu:
- Mən sənə toxunanda hər dəfə tir-tir titrəyirsən, xəstə-zad deyilsən?
Nəcibə etiraz əlaməti olaraq çiyinlərini çəkdi. Tərlan onun belindən qucaqlayıb özünə tərəf çəkdi, xoş ahənglə burnunu ehmalca onun burnuna sürtməyə başladı. Nəcibə də onu qucaqlayaraq dedi:
- Sən belə şeylərin dərininə gedib özünü tez qocaltma. Həyatımda səni sevdiyim qədər heç bir kəsi sevməmişəm. Bu qeyri-adi hissdir. Səni bütün varlığımla sevdiyimdəndir titrəməyim...
Cəlilabad.