İSMAYIL İMANZADƏ : - SƏRVƏT DÜŞKÜNÜDÜR BƏŞƏR
jpg-1745986324.jpg)
Boş xülyalar qızıl balıq,
Halallıq şərəf-ucalıq.
Kəsər qapını qocalıq,
Boy-buxun bükülən kimi.
Utanıb-qızarmasa üz,
Xəynətdən qalarmı iz?
Yalan şadlanar, doğru söz
Çarmıxa çəkilən kimi.
Ah-nalə amansız yağı,
Sevinc qəm-qüssə ortağı...
Zülmətin çatlar dodağı,
Dan yeri sökülən kimi.
Sərvətə uyanda bəşər,
Öz nəfsinə girov düşər...
Yeriklər nahaqq qana şər,
Bir buğum dikələn kimi...
26.04.2023