Xatirə Rəhimbəyli : - Tanrımla aramda dayanan bulud

Bir az taleyimə kölgə salırsan ,
Bir az işlərimi bərkə salırsan.
Çiynimi çox ağır yükə salirsan ,
Tanrımla aramda dayanan bulud !
Bəxtçün özgəymişəm ,yad övladmışam ,
O sevdiyim HAQQA haçan çatmışam ?!
Sən göy qübbəsisən , mən Atlantmışam ,
Tanrımla aramda dayanan bulud !
Saflıq savaşında tənhayam , təkəm ,
Qəm mənim yükümdü, mən qəmə yükəm ...
Kölgəndə tükəndim , yağ, sən də tükən ,
Tanrımla aramda dayanan bulud !!!